Nəqliyyat dəhlizləri hesabına Azərbaycanın geosiyasi mövqeləri güclənir

731

Hələ tam şəkildə hazır olmasa da, Azərbaycanın qoşulduğu bir sıra nəqliyyat dəhlizləri ölkəmizə indidən böyük həcmdə gəlir gətirməyə başlayıb. Söhbət ilk olaraq “Şimal-Cənub”, “Şimal-Qərb” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərindən gedir.

Qeyd edək ki, təkcə cari ilin yanvar-iyun aylarında “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 63 faiz artıb. Ümumiyyətlə,  2019-cu ilin ilk 6 ayında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63 faiz artım müşahidə olunub. “Şimal-Qərb” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, yanvar-iyun aylarında “Şimal-Qərb” nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70 faiz artaraq 829 min ton təşkil edib. “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8 faiz artaraq 795 min ton olub. Bu dəhlizlər, xüsusən də “Şimal-Cənub” işə düşdükdən sonra yükdışmalar Azərbaycana kifayət qədər böyük həcmdə pul qazandıracaq. Onu da bildirək ki, “Şimal-Cənub” dəhlizi Hindistan və Cənubi-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Azərbaycan üzərindən daşınmasını təmin edəcək. Bu marşrut üzrə ildə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu dəhlizlə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq. Finlandiyanın dəhlizə qoşulması isə nəqliyyat dəhlizinin potensialını daha da gücləndirəcək. Bu baxımdan Azərbaycan üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyəti artır. Dəhlizin tam işə düşməsi üçün isə Astara–Rəşt–Qəzvin dəmir yolunun tam hazır olması lazımdır. Bu istiqamətdə intensiv iş gedir. İran qeyd edilən istiqamətdə Azərbaycanla işbirlyini daha da gücləndirir. İran Dəmir Yollarının prezidenti və idarə heyətinin sədri Səid Rəsuli bu xüsusda vurğulayır ki, İranla Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur. O, ötən ay Bakıya etdiyi səfəri xatırladaraq bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC İran Astarasında infrastruktur layihələrin həyata keçirilməsində iştirak edir. QSC Astarada dəmir yolu vağzalının və yük terminalının tikintisini davam etdirir.

S.Rəsuli qeyd edib ki, Azərbaycan “Şimal-Cənub” dəhlizinin də tam olaraq formalaşmasında fəallıq göstərir: “Bu əməkdaşlıq nəticəsində İranla Azərbaycanın sərhədyanı bölgələri iqtisadi inkişafa qovuşacaq. Hər iki tərəfdə minlərlə iş yeri yaradılıb ki, bu da əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edir”. S.Rəsuli nəzərə çatdırıb ki, məhz İranla Azərbaycanın dəmir yolu sahəsində əməkdaşlığı nəticəsində Asiya ilə Avropa dəmir yolu nəqliyyatı baxımından birləşəcək. Asiya ölkələri Avropaya, Avropa ölkələri isə Fars körfəzi sahillərinə və Cənub Şərqi Asiyaya çıxış əldə edəcək. Bu isə hər iki qitənin ticarət və iqtisadiyyatının inkişafına böyük təkan verəcək. İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd də qeyd edir ki, “Şimal-Cənub” mühüm əhəmiyyətə malikdir və bu prosesdə Azərbaycanın rolu olduqca yüksəkdir.  O vurğulayıb ki, “Şimal-Cənub” dəhlizinin əsas komponenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi davam edir. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə işlər davam edir. Onun sözlərinə görə, qarşıdakı iki ildə Rəşt-Astara yolunun tikintisi başa çatacaq və İranla Azərbaycanın dəmir yolları sistemləri birləşəcək. Bu dəmir yolunun istifadəyə verilməsi ilə hər iki ölkənin qeyri-neft sektorunun inkişafına əsaslı təkan veriləcək.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev isə “Şimal-Cənub”un bütün dünya üçün mühüm əhəmiyyət kəsb etdyini, ölkəsinin Azərbaycanın tranzit potensilaından istfiadə edərək dünya bazarlarına daha çox yük çıxarmaq niyyətində olduğunu vurğulayır: “Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” nəqliyyat dəhlizi boyu sənaye istehsalının klasterlərini yaratmağa imkan verəcək yeni imkanlar əldə edəcəklər. Bunun nəticəsində isə iqtisadi əməkdaşlıq daha da güclənəcək. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bütün tərəflər üçün sərfəlidir. Lakin Rusiyadan Aralıq dənizindəki Mersin limanınadək daşımalar da bizim ölkəmiz üçün yaxşı perspektivlər açacaq. Çünki Rusiya iqtisadiyyatı üçün Avropaya yükdaşımalarında marşrutların diversifikasiyası böyük maraq kəsb edir. Rusiyanın yükdaşımalarının 80 faizi Türkiyə ərazisinə dənizlə həyata keçirilir. Qalanları isə avtomobil nəqliyyatı vasitəsilə reallaşdırılır. Amma indiyədək dəmiryolu ilə yükdaşımaları olmayıb. Lakin Azərbaycanın sayəsində sentyabr ayında bu marşrutla da yüklər daşınacaq və yaxın iki il ərzində yükdaşımaların həcmini 500 min tona çatdırmaq mümkün olacaq. Azərbaycanın nəqliyyat infrastrukturu bütün maraqlı ölkələrə böyük tranzit imkanları yaradır”.

Onu da vurğulayaq ki, “Şimal-Cənub” dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Geosiyasi risqərin getdikcə artdığı qlobal miqyasda qarşıdurma meyllərinin güclənməsi fonunda “Şimal-Cənub” kimi layihələr Azərbaycanın sabit məcrada inkişafına yeni təminatlar yarada biləcək potensiala da malikdir. Digər tərəfdən, “Şimal-Cənub”  Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir. Belə ki, Ermənistan da analoji layihələrin onun ərazisindən keçməsini istəsə də, artıq bu məsələdə tam şəkildə Azərbaycana uduzub.