Britaniya şirkəti İranın tutduğu neft tankerinin buraxılması üçün Putindən kömək istədi

344

İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən keçən ay Hörmüz Boğazında tutulan Böyük Britaniya bayraqlı neft tankerinin sahibi Stena Bulk LLC, tankerin sərbəst buraxılması üçün Rusiya Prezidenti Vladimir Putindən kömək istəyib.

Baki-xeber.com xəbər verir ki, “Bloomberg” Stokholm mərkəzli “Dagens Industri” qəzetinə istinadən, İran tərəfindən saxlanan Stena Impero tankerinin sahibi Stena Bulk LLC rəsmisi Erik Hanellin Putinə məktub göndərdiyini açıqlayıb. Şirkət Putindən tankerin sərbəst buraxılması üçün kömək etməsini istəyir.

Şirkət həmçinin Hindistanın Baş naziri Narenda Modiyə tankerin buraxılmasına kömək etmək üçün məktub göndərib. Lakin bu günə qədər sözügedən iki liderdən heç biri şirkətə cavab verməyib.

Xəbərdə saxlanan neft tankerinin heyətinin Rusiya və Hindistan vətəndaşları olduğu üçün, şirkətin Moskva və Dehlidən kömək istədiyi bildirilir.