Azərbaycan Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərlərinin forumunda iştirak edəcək

611

Azərbaycan sentyabrın 28-29-da Rusiyanın Həştərxan şəhərində keçiriləcək “Xəzəryanı ölkələrin qardaşlaşmış şəhərləri arasında əməkdaşlığın inkişaf perspektivləri” Beynəlxalq Forumunda iştirak edəcək.

Bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir.

Forum Həştərxan Dövlət Universitetinin dəstəyi ilə “Rossotrudniçestvo” tərəfindən keçirilir.

Forumun proqramına beynəlxalq şəhər əməkdaşlığının aktual mədəni-humanitar məsələlərinə dair tematik modullar və bölmələr daxildir. Xəzəryanı dövlətlərin qardaşlaşmış şəhərlərinin görüşünün əsas məqsədi isə şəhər administrasiyaları, biznes, elm və ekspert icmasının nümayəndələri arasında açıq dialoq üçün şərait yaratmaqdır.

Forumda Rusiyanın ünlü ekspertləri, elmi ictimaiyyətin nümayəndələri, ictimai təşkilatların, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın qardaşlaşmış şəhərlərinin administrasiyalarının, federal nazirlik və qurumların, həmçinin Rusiya Federasiyası subyektlərinin hökumət orqanlarının nümayəndələri iştirak edəcək.