27 sentyabr – Ümumdünya Turizm Günüdür

586

1980-ci ildən Birləşmiş Millətlər Beynəlxalq Turizm Təşkilatı (BMBTT) 27 sentyabrı Beynəlxalq Turizm günü kimi qeyd edir.

Beynəlxalq turizm hər bir ölkə üçün sosial-iqtisadi münasibətləri əks etdirir. Bununla da beynəlxalq münasibətlərin tərkib hissəsi kimi fəaliyyət göstərir. Bu prosesin tənzimlənməsi üçün də müəyyən norma və standart nizamlar işləyib hazırlayan beynəlxalq institutlar fəaliyyət göstərir. Bunlardan Ümumdünya Turizm Təşkilatı ən üzdə olan təşkilatlardan biridir. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərində yerləşən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu beynəlxalq bayram dünyada 30 ildən artıqdır ki, keçirilir. Həmin gün turizm və turizm biznesinə həsr olunan tədbirlər, festivallar keçirilir. 

Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır. 

Qeyd edək ki, dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk tərəfindən açılmışdır. Ümumdünya Turizm Günü 1980-ci ildən bəri BMT-nin Beynəlxalq Turizm Təşkilatı (BMBTT) tərəfindən hər il 27 sentyabr tarixində qeyd olunur. Bu tarix 1970-ci ildə BMBTT-nin Nizamnaməsinin qəbul olunduğu gündür. Bu nizamnamənin qəbulu qlobal turizmdə dönüş hesab edilir. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqqında məlumatlanmanı artırmaq və bunun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir.

Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.

Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bütün infrastruktur-Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları buradan keçir.

Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən aidiyyatı qurumlar tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Ötən illər ərzində ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmiş və beynəlxalq marşrutlar fəaliyyətə başlamışdır.

Dünya ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda da 27 sentyabr – Ümumdünya Turizm Günü kimi qeyd olunur. Həmin gün “Ümumrespublika Daxili Turizm Konfransları” da keçirilir. 

Azərbaycanda ilk dəfə olaraq 2003-cü ildə 26 sentyabr tarixində 1-ci Turizm Filmləri Festivalı keçirilmişdir. 2005-ci ildən başlayaraq məşhur xarici televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. 2006-cı ildə “Cənnət görmək istəyən Azərbaycana gəlsin” şüarı altında “Turizm aləmi” fotomüsabiqəsi də keçirilmişdir. 

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildən ölkədə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və “Ümumrespublika Daxili Turizm Sərgiləri” keçirilir.

Son illər ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir. Qeyd edək ki, Azərbaycanın zəngin təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb. 

Məhz ölkə prezidenti tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi də turizm sektorunun Azərbaycan üçün xüsusi əhəmiyyətini göstərmişdir. 

Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq çoxsaylı layihələr həyata keçirilir.

Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır.

Məlumdur ki, turizmin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır və bu infrastruktur da Azərbaycanda gündən-günə artır. Məsələn, təkcə Bakıda yox, regionlarda, rayon mərkəzlərində, istirahət üçün yararlı əksər yerlərdə nəinki üçulduz, dördulduz, hətta beşulduz mehmanxanalar fəaliyyət göstərir.

Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bunların hamısı ölkəmizdə turizm sahəsinin inkişafının göstəricisidir. 

“Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasında da ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlər əks olunub. 

Böyük turizm potensialına malik olan və bu sahənin inkişafı istiqamətində yeni-yeni addımlar atan Azərbaycanda da bu tarix bir sıra silsilə tədbirlərlə yadda qalır. 

Bu bayram turizm sahəsində çalışan bütün turizm şirkətlərinin əməkdaşları, muzey işçiləri, mehmanxana komplekslərinin rəhbərləri və işçi heyəti – peşəkar səviyyədə rahat və təhlükəsiz istirahəti təmin edən hər bir kəsin bayramıdır.