Çinin böyük ixrac və Azərbaycanın güclü qovşaq potensialları – dünya yeni reallıq qarşısında…

343

Dünyanın ən böyük ixracatçı ölkəsi qismində çıxış edən Çinin bu gün xüsusi diqqət mərkəzində yer alan ölkələrdən biri də Azərbaycandır. Ekspertlər bunu təsadüfi saymır. Əvvəla, Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində həlledici əhəmiyyətə malik ölkələrdən biri Azərbaycandır. İkinci bir tərəfdən, Azərbaycanın gərgin səyləri nəticəsində ərsəyə gələn Bakı-Tiflis-Qars dəmir yolu xətti bu gün Çin məhsullarının Avropa bazarlarına çıxmasında müstəsna əhəmiyyət kəsb edir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu da Çinin Azərbaycana marağını artıran əsas məqamlardan biri sayılır. Çinin rəsmi İnformasiya Agentliyi olan “Sinhua” bu xüsusda yazır: “Azərbaycan enerji, nəqliyyat, logistika qovşağı yaradaraq Avropa və Asiyanı təşviq etməyi hədəfləyir. Bu təşəbbüsün bir parçası olaraq, Azərbaycan hökuməti Azərbaycan və Çin arasında infrastruktur və qarşılıqlı əlaqə sahəsində münasibətləri genişləndirməyə xidmət edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı model layihəni həyata keçirməyə çalışır. Sözügedən marşrut 3500 kilometri əhatə edir, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərqdə Qazaxıstanın Çinlə sərhədində yerləşən Dostık şəhəri ilə Qərbdən Azərbaycanı birləşdirir. Marşrutun əsas keçidi dəmir yoludur və bunun tərkib hissəsi olaraq Xəzər dənizinin bərə ilə keçilməsi planlaşdırılır”. Həmçinin məqalədə vurğulanır ki, həqiqətən, son illər həyata keçirilən birgə səylər nəticəsində Çin tərəfindən təklif olunan “Bir kəmər və bir yol” layihəsi ilə Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna inteqrasiyasında əhəmiyyətli nəticələr əldə edilib: “Bu il iyulun 6-da Çinin “Dəmir Yolu Express”i Xian şəhərindən başlayaraq 17 günlük səfərdən sonra maşın avadanlıqları və elektron qurğulardan ibarət yükü olan Sian-Bakı blok qatarı Bakıya çatıb. Sözügedən dəhlizin fəaliyyətə başlaması Çini bir sıra ölkələrlə birləşdirir və yükləri dəniz yolu ilə nəqliyyatdan 20 gün daha sürətli çatdırmaq imkanı verir. “Çin Dəmir Yolu Express”in daha çox qatarlarından istifadə edilməklə “Bir kəmər və bir yol”un bağlantısının gücləndirməsinin şahidi oluruq”.

Bütün bu qeyd edilənlər fonunda Çin rəsmilərinin son dövrlərdə Azərbaycana intensivləşən səfərləri, əldə edilən yeni razılıqlar da təbii sayıla bilər. Azərbaycan da Çinlə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf qismində çıxış edir. Çünki Çinin ixrac etdiyi ümumi məhsulların həcmi 2,5 trilyon dollara çatır. Bu həcmdə yüklərin dünya bazarlarına çıxarılmasında iştirak edən ölkələr tranzit haqqı olaraq bundan yüksək gəlir əldə edir. Yuxarıda qeyd olunduğu kimi, indi Çin üçün ən sərfəli marşrut təklif edən ölkə qismində Azərbaycan çıxış edir. Təsadüfi deyil ki, Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bütün diqqəti məhz Bakı-Tiflis-Qarsa yönəldib. Pekin burada onu da nəzərə alır ki, Çindən gələn malların Avropaya daşınması üçün Azərbaycanda mükəmməl infrastruktur yaradılıb. Ölkəmizin Qazaxıstanın Aktau limanından yükləri daşımaq üçün 260 gəmidən ibarət güclü donanması var. Bu yüklərin boşaldılması və yola salınması üçün isə Ələtdə beynəlxalq əhəmiyyətli liman tikilib. Limandan yüklərin Avropa ölkələrinə daşınması üçün Bakı-Tiflis-Qars fəaliyyət göstərir. Eyni zamanda, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edir. Məhz bütün bunlar Çinin Azərbaycana daha çox diqqət ayırmasına rəvac verir. Belə bir vaxtda Azərbaycan və Türkiyənin atacağı növbəti addım Çinin diqqətini daha çox ölkəmizə yönəldəcək. Məsələ burasındadır ki, Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xətti yaradılacaq. Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib ki, Güzəştli Ticarət Anlaşmasının bu il ərzində imzalanması, qarşılıqlı ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sürətləndirilməsi üçün iki ölkə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması məsələsində razılıq əldə olunub. 
Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılmasını Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə belə şərh edib ki, bu hal mühüm əhəmiyyət kəsb edir: “Məsələyə bir qədər makro səviyyədə baxmaq lazımdır. Dünya iqtisadiyyatında Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi var. O, Azərbaycan və Türkiyə də daxil olmaqla, dünyanın 60-dan çox ölkəsini əhatə edir. Bu layihə Çinin dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirir, eyni zamanda Çinlə Avropa arasındakı nəqliyyat, tranzit imkanlarının genişləndirilməsinə xidmət edir. Burada ən vacib məqamlardan biri Çinlə Avropa İttifaqı arasında həyata keçirilən ticarətdə bölgədəki ölkələrin gömrük sistemlərində mövcud olan problemlər və uyğunsuzluqlardır. Problemlər ondan ibarətdir ki, hər bir ölkədə gömrük proseduru fərqli olduğu və bir-birinə inteqrasiya etmədiyi üçün gecikmələr baş verir. Bu gecikmələr də Türkiyə və Azərbaycanın yerləşdiyi ticarət dəhlizinin rəqabət qabiliyyətini aşağı salır. Azərbaycan və Türkiyə “Bir kəmər, bir yol” layihəsinə qoşulub və bu yolun ticarət üçün daha əlverişli olmasına çalışır. Yəni məsələnin qlobal tərəfi odur ki, Azərbaycanla Türkiyə arasında gömrük keçidləri kifayət qədər sadələşdirilsin”. Ekspert bildirib ki, bu, eyni zamanda, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artmasına xidmət edir: “Gömrük sisteminin bir-birinə inteqrasiya olunması və Orta Asiya ölkələrinin də bu prosesə qoşulması Azərbaycan və Türkiyənin Şərq-Qərb dəhlizində mövqeyini gücləndirir, qlobal tranzit daşımalarından daha böyük pay almasına xidmət edir. Yəni artıq bizim yerləşdiyimiz region dünyada yeganə əlverişli məkan deyil, Şərqlə Qərb arasında yükdaşımalarda, ticarətdə, malların axınında alternativ yollar var. Bu yollar inkişaf etdikcə Azərbaycanın da öz dəhlizini daha rəqabətqabiliyyətli etməsini tələb edir. Ona görə də bu istiqamətdə atılan hər bir addım alqışlanmalıdır. Hələ də bir sıra uyğunsuzluqlar var. Bu da Türkiyə ilə Azərbaycanın arasında gömrük rejimlərinin fərqli olmasından irəli gəlir. Türkiyə Avropa Gömrük İttifaqına üzv olan ölkədir. Azərbaycan isə MDB məkanında sərbəst ticarət anlaşmaları imzalayıb, yəni bu sistemlər arasında bəzi fərqlər var. Amma düşünürəm ki, ən azı, seçimli ticarət sazişləri ilə problemləri müəyyən qədər aradan qaldırmaq olar. Azərbaycanla Türkiyə arasında bir neçə məhsul üzrə də gömrük rüsumlarının aşağı salınması gözlənilir. Gömrük nə qədər sadə olsa, insanlar daha çox gedib-gələr və daha çox ticarət əməliyyatları həyata keçirər. Ticarətdə uduzan tərəf yoxdur, hər kəs qazanır. Bu da əhalinin rifahına xidmət edir”.

Beləliklə, Azərbaycan və Türkiyənin atacağı addımlar Çindən gələn yüklərin mənzilbaşına daha tez çatmasına rəvac verəcək. Elə bu da Pektinin Azərbaycana diqqətinin artmasını şərtləndirən başlıca faktorlardan sayılır. Bu arada, hesablamalara əsasən isə, 2020-ci ilə qədər Şərq-Qərb istiqamətində Çin tərəfdən Qərbə göndərilən yüklər 5 dəfə artaraq 1,3 milyon konteynerə çatacaq. Bunun ən azı 300 mininirn məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınması gözlənilir. Belə vəziyyət, öz növbəsində, tranzit yükdışmalardan Azərbaycana kifayət qədər böyük gəlirlər vəd edir.