İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə

834

İqlim dəyişiklikləri gəmiçilik sahəsi daxil olmaqla, iqtisadiyyatın bütün sahələri tərəfindən təcili tədbirlər görülməsini zəruri edən ciddi sosial və iqtisadi problemdir.

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf üzrə ”İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi”ni ehtiva edən 13-cü məqsədinə nail olmaq üçün dəniz nəqliyyatı sahəsi üzrə istixana effektli qazların havaya atılmasının qarşısının alınmasına töhfə vermək məqsədilə Beynəlxalq Dəniz Təşkilatı və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən qurumlar iqlim dəyişmələri təhlükəsinə qarşı enerji effektivliyinin təmin edilməsi üzrə müvafiq qlobal cavab tədbirləri həyata keçirməkdədir. Beynəlxalq Dəniz Təşkilatının gəmiçilik sahəsində istixana effektli qazların 2008-ci il ilə müqayisədə 2050-ci ilədək 50% azaldılması üzrə strategiyasının Paris Sazişi ilə uyğunlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər müəyyənləşdirilib.

2018-ci ilin oktyabr ayında Qlobal Dənizçilik Forumunun Honq Konqda keçirilən İllik Zirvə Toplantısı zamanı dənizçilik sahəsinin karbonatsızlaşdırılmaya keçidin təmin edilməsi məqsədilə dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri tərəfindən çağırış sənədi imzalandı. Ötən dövr ərzində çağırış sənədində müəyyən edilən tövsiyələrin yerinə yetirilməsi üzrə konkret fəaliyyətə başlanıldı. Bu ilin iyun ayında Poseydon Prinsipləri elan olundu və dəniz nəqliyyatı sahəsinin karbonatsızlaşdırılmasını dəstəkləmək məqsədilə qlobal gəmiçilik sahəsinin təxminən 100 milyard dollar həcmində bank kredit portfelini təmsil edən 11 əsas gəmiçilik bankları kredit portfellərinin Beynəlxalq Dəniz Təşkilatının “Gəmilərdən İstixana Effektli Qazların Azadılmasına dair İlkin Strategiya”sına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə səy göstərməkdədir.

Eyni zamanda, qeyd edilən çağırış sənədi əsasında dəniz nəqliyyatı, yanacaq sənayesi, infrastruktur və maliyyə sektorları üzrə fəaliyyət göstərən 60-dan artıq şirkətdən ibarət olan dövlətlər və hökümətlərarası təşkilatlar tərəfindən dəstəklənən “Sıfıra Doğru” Koalisiyası yaradıldı.

“Sıfıra Doğru” Koalisiyası Qlobal Dənizçilik Forumu, Okean Fəaliyyətinin Dostları və Dünya İqtisadi Forumu arasında əməkdaşlığı nəzərdə tutur. “Sıfıra Nail Olmaq” Koalisiyası 2050-ci ilədək istixana effektli qazların ən azı 50 faizədək azaldılması məqsədilə 2030-cu ilədək “sıfır tullantı” prinsipinə uyğun olaraq inşa edilən gəmilərin istismarını təşviq etməklə karbonatsızlaşdırılmış gəmiçilik konsepsiyasının 2030-cu ilədək reallığa çevrilməsinə səy göstərməkdədir. “Sıfıra Doğru” Koalisiyasının üzvlərinin qlobal ticarətin dayanıqlı şəkildə həyata keçirilməsi məqsədilə “sıfır tullantı” enerji resurslarından istifadəni reallaşdırmaq üzrə təşəbbüsünü dəstəkləyən qurumların qeyd edilən koalisiyaya qoşula biləcəyi bildirilib.