Yaponiya Şimali Koreyaya etirazını bildirib

319

Yaponiya Şimali Koreyaya Yapon dənizində gəmilərin toqquşmasına görə etirazını bildirib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, etiraz Pekində yerləşən diplomatik kanallar vasitəsilə qarşı tərəfə çatdırılıb.

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də səhər saatlarında Yaponiyaya məxsus iqtisadi zonada, Yapon dənizində yapon patrul gəmisi Şimali Koreyaya məxsus balıqçı gəmisi ilə toqquşub.

Toqquşma nəticəsində balıqçı gəmisinin göyərtəsində olan 60 nəfər gəmi batdığına görə dənizə düşüb. Onların hamısı yapon gəmisi tərəfindən xilas edilib. Sonradan həmin balıqçılar Şimali Koreyaya məxsus digər gəmiyə köçürülüblər.

Yapon gəmisinin heyətinin bildirdiyinə görə, Yaponiyaya məxsus iqtisadi zonada aşkar edilən balıqçı gəmisindən ərazini tərk etməsi tələb olunub. Lakin gözlənilmədən həmin gəmi yapon gəmisinə doğru hərəkət edib və onunla toqquşub.

Yaponiya Xarici İşlər Nazirliyi bu faktla əlaqədar Pekindəki diplomatik kanallar vasitəsilə Şimali Koreyaya kəskin etirazını bildirib.

Verilən məlumata görə, hakim Liberal Demokratik Partiya Balıqçılıq Təsərrüfatı İdarəsinin rəhbərliyi ilə xilas edilən balıqçıların başqa balıqçı gəmisinə köçürülməsinin səbəblərini aydınlaşdırmağı planlaşdırır.

İdarədən isə bildiriblər ki, bu, baş vermiş hadisə ilə bağlı təbii reaksiya kimi qəbul edilməlidir. Çünki patrul gəmisinin əsas vəzifəsi Yaponiyaya məxsus sularda əcnəbi gəmilər tərəfindən balıq ovunun qarşısını almaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır