Səudiyyə sahillərində İran tankerinə hücum… Tankerin iki dəfə raketlə vurulduğu bildirilir

248

İran, Səudiyyə Ərəbistanının Ciddə şəhəri sahillərində İrana aid neft tankerindəki partlayışların hücum nəticəsində baş verdiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Sabiti” adlı İran bayraqlı neft tankerinin Qırmızı dənizin şərqində hərəkətdə olarkən iki dəfə vurulduğunu deyib.

“İran Milli Tanker Şirkəti tərəfindən aparılan araşdırmalar, tankerin Qırmızı dənizin şərqinə keçid dəhlizinin yaxınlığındakı bir yerdən iki dəfə hədəf alındığını göstərir” – Musəvi bildirib.

Tankerin zədələndiyini, lakin ekipajın zərər görmədiyini bildirən Musəvi, “bu təhlükəli aktın detalları və bunun arxasında olan qüvvələrlə bağlı araşdırma aparıldığını” vurğulayıb.

Partlayışdan sonra bölgəyə neft sızıntısına gəlincə, XİN sözçüsü bildirib: “Bölgədə olaydan qaynaqlanan ətraf mühitin çirklənməsinə görə bütün məsuliyyət bu təhlükəli hərəkətin arxasında dayanan qüvvələrin üzərinə düşür”.

Qeyd edək ki, hadisə iki gün əvvəl baş verib. Tankerdə qısa müddət ərzində iki dəfə partlayış baş verib. Partlayışlar nəticəsində tankerdəki neftin bir hissəsi dənizə axıb. Tankerin raketlə vurulduğu bildirilir.