9 ayda Azərbaycan 2 milyard dollarlıq qaz ixrac etdi, gələn il bu azı iki dəfə artacaq

317

Azərbaycanın ixrac məhsulları sırasında təbii qazın xüsusi çəkisinin getdikcə artması müşahidə edilməkdədir. Belə ki, bu ilin ilk doqquz ayında ölkənin ümumi ixracının 12,18 faizini məhz təbii qaz təşkil edib. Ötən ilin eyni dövründə isə Azərbaycanın ümumi ixracındakı təbii qazın payı cəmi 7,2 faiz olmuşdu. Amma artıq bu il ərzində 5 faizlik bir artım qeydə alınıb.

Ümumiyyətlə, bu ilin ilk doqquz ayında Azərbaycandan 9 milyard 103 milyon 228 min kubmetr təbii qaz ixrac olunub. Yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 810 milyon 567 min dollar təşkil edib. Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkədən 5 milyard 262 milyon 743 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 1 milyard 28 milyon 245 min dollar olmuşdu. Səslənən rəqəmlərdən bir daha bəlli olur ki, təbii qazın ümumi ixracda payı artmaqla yanaşı, bu məhsul ölkəyə daha çox gəlir gətirməyə başlayır. Gələn ildən etibarən isə bu gəlirin həcminin əhəmiyyətli dərəcədə artması gözlənilir. Çünki gələn ildən Azərbaycan qazının Avropaya nəqli başlanır. Bu məsələ ilə bağlı TANAP-ın baş direktoru Saltuk Düzyol qeyd edir ki, Azərbaycan təbii qazını Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilən “Cənub Qaz Dəhlizi”nin ən mühüm seqmenti olan TANAP tamamlanıb, növbə TAP boru kəmərinindir: “Ərdahanın Posof qəsəbəsindən Türkiyəyə daxil olan, 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçdikdən sonra Ədirnənin İpsala qəsəbəsində Avropa sərhədinə çatan 1850 kilometrlik TANAP boru xətti Türkiyə-Yunanıstan sərhədində Azərbaycan qazını Avropaya çatdıracaq TAP-a qaz verilməsi üçün hazır vəziyyətə gətirilib. “Cənub Qaz Dəhlizi”nin son mərhələsi olan TAP tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Avropaya çatdırılaraq qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan TANAP boru kəməri keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. TANAP bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəqli üçün hazır vəziyyətə gətirilib. Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP da artıq tamamlanmaq üzrədir. Belə ki, bu  qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstan, Albaniya və İtaliyada boruların 99 faizi marşrut xətti boyunca düzülüb. Eləcə də, TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada boruların tikintisinə başlanıb. Yuxarıda qeyd olunduğu kimi, TAP-ın quru hissəsinin inşası çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi torpağa basdırılıb. İlin sonuna kimi Yunanıstan və Albaniya marşrutunda boruların 100 faizi torpağa basdırılacaq. Bu fonda TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. Xatırladaq ki, TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. TAP tamamlandıqdan sonra “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. Artıq gələn ildən Azərbaycan qazının Avropaya çatdırılması gözlənilir. TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq. Avropanın tələbindən asılı olaraq, Azərbaycan Avropaya ötürülən təbii qazın miqdarını ilk mərhələdə iki dəfəyədək artıra bilər.

Digər tərəfdən məlumdur ki, layihəyə əlavə iştirakçıların qoşulması üçün də müvafiq addımlar atılır. Ekspertlərə görə, ilk növbədə bu layihəyə Türkmənistan qoşula bilər. Avropa İttifaqı artıq bu məqsədlə “Transxəzər” qaz kəmərinin çəkilişinə xüsusi maraq göstərir və müvafiq danışıqlar aparır. Xatırladaq ki, planlaşdırılan sualtı qaz kəməri Türkmənistanın Türkmənbaşı şəhərini Azərbaycanın paytaxtı Bakı ilə birləşdirməlidir. Bəzi mənbələrə görə, Qazaxıstandakı “Tengiz“ yatağından da bir qaz kəmərini şəbəkəyə bağlamaq və onu Türkmənbaşı ilə birləşdirmək planlaşdırılır. O da məlumdur ki, nüfuzlu enerji şirkətləri olan “Edison Texnologies GmbH”, “MMEC Mannesmann GmbH”, “Air Liquide Global E&C Solutions” və Çinin “SINOPEC Engineering Group” kompaniyaları “Transxəzər”  layihəsinin tikintisi və maliyyələşməsi ilə bağlı razılığa gəlib. Pekin bəyan edib ki, Çin Türkmənistandan Xəzərin dibi ilə ildə 30 milyard kubmetrlik qazın Avropaya nəqli üçün Transxəzər layihəsinə investisiya qoymağa hazırdır.  Bütün bunlar “Transxəzər”in inşasının yaxın perspektivdə baş tutmasını istisna etmir. Belə vəziyyət, öz növbəsində, “Cənub Qaz Dəhlizi” ilə daşınan qazın həcminin daha da armtasına imkan verir. Onu da xatırladaq ki, “Transxəzər” kəmərinin təxmin edilən xərci 5 milyard dollar, nəzərdə tutulan uzunluğu 300 kilometrdir. Artıq ABŞ və Avropa bu xərci ödəməyə hazır olduqlarını bəyan edir. Elə bu fonda yaxın tezlikdə “Transxəzər”in reallaşdırılması istisna olunmur. Bu isə o deməkdir ki, “Cənub Qaz Dəhlizi” ilə Avropaya daha böyük həcmdə qaz axacaq. Məhz bu səbəbdəndir ki, hazırda “Cənub Qaz Dəhlizi”nə qoşulmaq istəyən Avropa ölkələrinin də sayı artır. 

Təbii ki, bütün bunlar Azərbaycanın iqtisadi maraqlarına tam şəkildə cavab verir. Ən əsası isə, belə vəziyyət təbii qaz satışından ölkənin getdikcə daha böyük həcmdə gəlir əldə etməsini şərtləndirir. Azərbaycan həm qazın satışından, həm də onun tranzitindən qarşıdakı dövr ərzində daha çox valyuta qazanacaq ki, bu da iqtisadi inkişaf və maliyyə sabitliyi baxımından mühüm önəm kəsb edir.