Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusunun ilk nailiyyətləri

397

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2013-cü ildə inşasına başlanılmış və onun iştirakı ilə rəsmi açılış mərasimi ilə Xəzər dənizində əməliyyatlara yola salınmış Heydər Əliyev 6-cı nəsil yarımdalma qazma qurğusu Kaspian Drilinq Kompani şirkətinin idarəçiliyi ilə 2018-ci ilin əvvəlindən qazma işlərini apardığı Abşeron yatağının ABD-001 quyusunda qazma əməliyyatlarını müvəffəqiyyətlə başa vurmuşdur. Hal-hazırda quyudakı rezervlərin qiymətləndirilməsi üzrə test işləri yekunlaşır.
Xatırladaq ki, Heydər Əliyev 6-cı nəsil yarımdalma qazma qurğusu Kaspian Drilinq Kompani şirkətinin rəhbərliyi altında Azərbaycan Respublikası ərazisində inşa edilmişdir. Layihənin maliyyələşdirilməsi 90% Azərbaycan Respublikası Dövlət Neft Fondu, 10%-i isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən olmaqla həyata keçirilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, satınalmaların səmərəli planlaşdırılması, tikintinin cədvələ uyğun vaxtında icra edilməsi və ciddi layihə menecmenti hesabına Kaspian Drilinq Kompani layihənin ilkin büdcəsinə nəzərən 100 milyon ABŞ dollarından artıq qənaətlə qurğunun tikintisini uğurla başa vurmuşdur.


Qurğu ümumilikdə neft və qaz sənayesində qazma əməliyyatlarında ən son müasir texnoloji avadanlıqlarla təchiz edilməklə dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikal qurğulardan biri hesab edilir. Onun ümumi uzunluğu 106.5 metr, eni 69.5 metr, hündürlüyü isə 130 metrdir. Onun ümumi çəkisi 26 min tondur. Qurğu 1 kilometr suyun dərinliyinə qədər qazma əməliyyatları həyata keçirilə bilər. Qazma dərinliyi maksimum 12.2 kilometrdir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Xüsusi vurğulamaq lazımdır ki, Xəzər dənizində ən dərin quyu Kaspian Drilinq Kompani şirkəti tərəfindən məhz Heydər Əliyev yarımdalma qazma qurğusu ilə Abşeron yatağının ABD-001 quyusunda qazılmışdır – 7411 metr. Qurğunun yükgötürmə qabiliyyəti 5600 ton, Su tutumu isə 47500 tondur. Qurğuda heyətin maksimum sayı isə 160 nəfərdir. Qurğunun tikintisi prosesində 2395 işçi çalışmışdır ki, bu işçi qüvvənin də 80%-ə yaxını Azərbaycan Respublikası vətəndaşlarından ibarət olmuşdur. Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu ən yeni texnoloji avadanlıqlara sahib olmaqla dünyada ən yüksək texnoloji üstünlüyə malik 6-cı nəsil yarımdalma qazma qurğularından biridir. O, həmçinin dünyada 20000 PSI atmosfer təzyiqi sistemi texnologiyasına sahib olan ilk yarımdalma qazma qurğusudur. Sirr deyil ki, dünya təcrübəsində adətən yeni tikilmiş qazma qurğularının həyata keçirdiyi qazma əməliyyatlarında fasilələr və müəyyən dayanmalar baş verir.

Bu da çox zaman qurğuda quraşdırılmış avadanlıqların ilkin mərhələdə bir-birinə uyğunlaşmaması, belə olan halda müəyyən tənzimləyici tədbirlərin həyata keçirilməsi zərurəti ilə bağlıdır. Məmnuniyyətlə qeyd etmək lazımdır ki, Heydər Əliyev yarımdalma qazma qurğusunun tikintidən sonra həyata keçirdiyi bu ilk qazma əməliyyatında heç bir fasilə və ya nasazlıq meydana gəlməmişdir. Bu da gərgin əməyimiz və xüsusi səylərimiz nəticəsində Heydər Əliyev adına yarımdalma qazma qurğusunun tikintisinin yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirildiyinin bariz göstəricisidir.

Mənbə : https://caspiandrilling.com/articles.php?item_id=2019101803&sec_id=16