Özbəkistanın Nukus şəhərində keçirilən konfransda Aral problemi müzakirə olunub

297

Özbəkistan Hökumətinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə Özbəkistanın Nukus şəhərində “Aralyanı-iqtisadi innovasiyalar və texnologiyalar zonası” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Avropa və Asiya dövlətlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

BMT-nin Baş katibi Antoniu Quterrişin konfransa göndərdiyi videomüraciətdə deyilir: “Aralın quruması insanların sağlamlığına və həyat şəraitinə çox böyük zərbə vurub. Hazırda bizim əsas vəzifəmiz regionda Aral böhranının ətraf mühitin mühafizəsinə və insanların həyat fəaliyyətinə neqativ təsirini azaltmaqdır”.

BMT-nin Özbəkistandakı daimi əlaqələndiricisi Xelena Freyzer bildirib ki, Aral böhranının ağır nəticələrinə baxmayaraq, dənizin yerində yaranmış Aralqum səhrasını cəlbedici iqtisadi zonaya çevirmək mümkündür.

Qaraqalpaqıstan parlamenti Joqorku keneşinin sədri Musa Erniyazov deyib ki, Aral fəlakəti iqtisadiyyata böyük zərər vurur, işsizlik artır, yerli sakinlərin həyat şəraiti pisləşir. O bildirib ki, son illər Özbəkistan Hökumətinin və beynəlxalq təşkilatların köməyi ilə Aralyanı zonada infrastruktur inkişaf etdirilir.

Özbəkistanın Su təsərrüfatı naziri Şavkat Xamrayev çıxışında diqqəti şirin su çatışmazlığı probleminə cəlb edib. O deyib ki, buzlaqların əriməsi, su həcminin azalması, əhalinin şirin su çatışmazlığından əziyyət çəkməsi göstərir ki, Mərkəzi Asiyada su təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıda böyük vəzifələr durur.

Nukus konfransı çərçivəsində Aralın Xilası Beynəlxalq Fondu Dövlətlərarası Komissiyasının iclası da baş tutub. Komissiyaya sədrlik Türkmənistandan Özbəkistana keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır