Çin Xalq Respublikasının nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib

454

19 noyabr tarixində Çin Xalq Respublikasının nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib.

Bakı Limanının nümayəndələri baş direktorun müavini Əkbər Kərimov və baş direktorun baş müşaviri Rəşad Kərimov qonaqları salamlayaraq, onlara Bakı Limanı, burada baş verən avtomatlaşdırma və rəqəmsallaşdırma prosesi, limanın inkişaf planı haqqında ümumi məlumat veriblər. Görüş zamanı həmçinin, Bakı Limanı ilə Çin arasında olan əməkdaşlıq barədə də ətraflı müzakirələr aparılıb. Qeyd olunub ki, son 9 ayda Çindən Bakı Limanına gələn konteynerlərin sayı 90 faiz artıb. Mütləq rəqəmlərdə konteynerlərin sayı çox olmasa da, artım dinamikası ciddidir və “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində iki ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir.

Səfər zamanı Çinin Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin Baş direktoru Xu Yahuanın başçılıq etdiyi və eyni nazirliyin digər əməkdaşlarının, Milli İmmiqrasiya İdarəsi, Xarici İşlər Nazirliyi, Nəqliyyat Nazirliyinin Avtomobil Yolları Üzrə Elmi Araşdırma İnstitutu, Daxili Monqolustan Muxtar rayonunun Nəqliyyat Departamenti, Sintszyan-Uyğur Muxtar rayonunun Nəqliyyat Departamentinin də olduğu nümayəndə heyəti Bakı Limanının ərazisi ilə yaxından tanış olaraq, buradakı iş prosesini əyani olaraq müşahidə ediblər.