Taleh Ziyadov: “Bakı Limanı “Bir Kəmər-Bir Yol” layihəsi üçün mühüm əhəmiyyət kəsb edir”

302

Noyabrın 21-də İtaliyanın Trieste şəhərində “Kəmər və Yol” beynəlxalq konfransı keçirilib. 

“Report”un xəbərinə görə, müxtəlif ölkələrdən bir çox rəsmi şəxslərin, ekspertlərin iştirak etdiyi konfransda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov “Yeni İpək Yolları və onların Avrasiyadakı geo-iqtisadi mənzərənin dəyişməsindəki təsiri” adlı açılış panelində çıxış edib.

O bildirib ki, Bakı Limanı qlobal nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və məqsədimiz yalnız Çindən Avropaya deyil, eyni zamanda Avropadan da Çinə gedən məhsulların Bakı Limandan keçməsini təmin etməkdir: “Məhz bu məqsədlə də, Niderlandın logistika mərkəzlərindən biri olan Venlo şəhərindən İstanbula və daha sonra Bakı Limanından keçərək Qazaxstandan Çinə gedəcək bir yolun uzadılması nəzərdə tutulub. Bu da, öz növbəsində, Avropanın iri şirkətlərinin Bakı Limanına cəlb edilməsinə təkan verən amillərdən biri olacaq. Eyni zamanda vurğulamaq istərdim ki, Çin hökumətinin reallaşdırdığı “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində mühüm nəqliyyat qovşaqlarının tam mərkəzində yerləşən Bakı Limanı bu layihə üçün mühüm əhəmiyyət kəsb edir və Çindən gələn məhsulların regiona çıxışı üçün liman qovşaq rolunu oynaya bilər”. 

Bundan başqa, T.Ziyadovun sözlərinə görə, bu ilin 9 ayında Çindən Bakı Limanına gələn konteynerlərin sayı 90% artıb.