Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının 31 – ci sessiyasında iştirak edib

409

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti baş qərargahı London şəhərində yerləşən BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının 31 – ci sessiyasında iştirak edib.

Sessiyada Assambleyanın prezidenti və vitse – prezidentləri vəzifələrinə seçkilər keçirilib. Seçkilərin nəticəsində Cənubi Afrika Respublikasının nümayəndəsi xanım Nomatemba Tambo Assambleyanın prezidenti, Koreya Respublikasının nümayəndəsi xanım Enna Park və Honduras Respublikasının nümayəndəsi cənab İvan Romero Martinez Assambleyanın vitse – prezidentləri seçiliblər.

Assambleyanın 30 – cu sessiyasından sonrakı dövr ərzində təşkilatin işi ilə bağlı Şuranın hesabatı ilə yanaşı komitələrin də hesabatları müzakirə olunub,  Assambleyanın prosedur qaydalarına təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.

Dünyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təmin edilməsinin Beynəlxalq Dəniz Təşkilatının əsas missiyası olduğunu vurğulayan təşkilatın Baş Katibi Kitak Lim Beynəlxalq Dəniz Təşkilatı tərəfindən bu istiqamətdə görülən işlər, eləcə də əldə olunan nailiyyətlər barədə geniş məruzə edib.

Sessiyada beynəlxalq konvensiyaların statusu və təşkilata üzvlük barədə hesabat, təşkilatın komitələri tərəfindən təqdim edilən hesabatların, eləcə də Beynəlxalq Dəniz Təşkilatının təhsil mərkəzlərinin hesabatlarının dinlənilməsi, Assambleyanın komitələrinin təsis edilməsi, üzvlər arasında əməkdaşlıqların inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, eləcə də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Naziri Cənab Məhməd Cahid Turxanla və Türkiyə nümayəndə heyətinin üzvləri ilə, Peru Respublikasının, Tailand Krallığının, Meksika Birləşmiş Ştatlarının, Birləşmiş Ərəb Əmirliklərinin, İspaniya Krallığının, Rusiya Federasiyasının və Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsində respublikada görülən işlər, əldə edilən nailiyyətlər xüsusilə qeyd edilib və dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Beynəlxalq Dəniz Təşkilatına üzv olan 174 dövlətlə yanaşı, beynəlxalq təşkilatlardan müşahidəçilər və məşvərətçi statusla qeyri – hökumət təşkilatlarının nümayəndələri də iştirak etdiyi Assambleyanın 31 – ci sessiyası zamanı 2020 – 2021 – ci illər üçün Beynəlxalq Dəniz Təşkilatının ali icra orqanı olan Şuranın üzvlüyünə seçkilər keçirilib. Seçkilərin nəticəsinə əsasən “A” kateqoriyası üzrə 10, “B” kateqoriyası üzrə 10 və  “C” kateqoriyası üzrə 20 dövlət olmaqla ümumilikdə 40 üzv dövlət 2020 – 2021 – ci illər üçün Şuraya üzv seçiliblər.

Qeyd edək ki, Aassambleya zamanı Beynəlxalq Dəniz Təşkilatının “Dənizdə göstərilmiş xüsusi cəsarətə görə” mükafatının təqdimetmə mərasimi də keçirilib.