Dövlət Dəniz Agentliyinin kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirdiyi işlər uğurla davam edir

370

Dövlət Dəniz Agentliyinin peşəkar mütəxəssislərin yetişdirilməsi, kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirdiyi işlər uğurla davam edir.

İsveçin Malmö şəhərində yerləşən Dünya Dəniz Universitetində təhsil almağa göndərilən Dövlət Dəniz Agentliyinin əməkdaşı, Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsinin Gəmi qeydiyyatı və sənədləri sektorunun müdiri Natiq Həsənov təhsilini müvəffəqiyyətlə başa vuraraq iş fəaliyyətinə geri dönüb.

Dəniz Təhlükəsizliyi və Ətraf Mühitinin idarə edilməsi ixtisası üzrə təhsilini başa vuran Dövlət Dəniz Agentliyinin əməkdaşı bu müddət ərzində Beynəlxalq Dəniz Təşkilatının (BDT) əsas konvensiyalarının və məcəllələrinin tələbləri, eləcə də beynəlxalq dəniz təcrübələri ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnib.

Yaponiyanın “Sasakawa Peace Foundation” fondunun maliyyə dəstəyi ilə reallaşdırılan təhsil prosesi Dünya Dəniz Universitetin təcrübəli professorları, Beynəlxalq Dəniz Təşkilatının (BDT) mütəxəssisləri, Amerika Birləşmiş Ştatlarının Sahil Mühafizə Xidmətinin (US Coast Guard) mütəxəssisləri tərəfindən tədris olunub.

Dövlət Dəniz Agentliyinin əməkdaşı təhsil aldığı dövrdə proqramın tərkib hissəsi olaraq Londonda Beynəlxalq Dəniz Təşkilatının mənzil – qərargahında, Çində, İsveçdə, Danimarkada, Almaniyada, Yaponiyada bir çox dövlət orqanlarında, universitətlərdə, limanlarda, axtarış və xilasetmə mərkəzlərində təcrübə keçib.

57 ölkədən 131 tələbənin təhsil aldığı dövrdə ictimai aktivlik nümayiş etdirən Natiq Həsənov Universitetin tələbə cəmiyyətinin prezidenti seçilib, Azərbaycan həqiqətlərini hər zaman beynəlxalq ictimaiyyətin, universitetin tələbə, müəllim, professor heyətinin diqqətinə çatdırıb.

Dünya Dəniz Universitetinin Prezidenti Doktor Kleopatra Dumbia – Henri, “BİMCO” şirkətinin Prezidenti Sedan Kaptanoğlu, Malmö şəhər meri Karina Nilsson və Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi cənab Kitak Limin iştirak etdiyi məzun günü tədbirində çıxış edən  Dövlət Dəniz Agentliyinin əməkdaşı təhsil aldıqları dövr ərzində əldə edilən nəaliyyət və uğurlardan danışıb.