BP gələn ilin əvvəlində D230 blokunda seysmik işlərə başlamağı planlaşdırır

262

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən D230 perspektiv strukturunda 3 ölçülü seysmik işlərin gələn ilin əvvəlində başlanılması planlaşdırılır.

“Report”un məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, hazırda seysmik işlərin aparılmasına hazırlıqlar görülür: “Seysmik işlər “Gilavar” gəmisi vasitəsilə həyata keçiriləcək”.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimali Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3,222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 m və 800 m arasında dəyişir.