Yaponiya hökuməti özünümüdafiə qüvvələrinin Yaxın Şərqə göndərilməsi planını bəyənib

248

Dekabrın 27-də Yaponiya hökuməti özünümüdafiə qüvvələri gəmisi və təyyarəsinin Yaxın Şərqə göndərilməsi planını bəyənib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu planın həyata keçirilməsində məqsəd Yaponiya ilə əlaqəli kommersiya gəmilərinin regionda təhlükəsiz hərəkətini təmin etməkdir. Bununla yanaşı, Yaponiyanın regionda gərginliyin azaldılması və sabitliyin təmin olunması üçün diplomatik səylərini davam etdirəcəyi də bildirilir.

Qeyd edilir ki, həmin missiya zamanı Müdafiə Nazirliyinə icazə verilən təlim-tədqiqat fəaliyyəti də həyata keçiriləcək.

Hökumətdən bildirildiyinə görə, plan çərçivəsində regiona bir esminesin və Somali rayonunda dəniz quldurları ilə mübarizə zamanı istifadə edilmiş P3C təyyarəsinin göndərilməsi nəzərdə tutulur.

Gəmi və təyyarənin Ərəbistan dənizinin şimalında Oman körfəzində, həmçinin Ədən körfəzində hərəkət edəcəyi qeyd olunur. Bu qüvvələrdən Hörmüz boğazında və İran körfəzində istifadə planlaşdırılmır.

Əlavə olaraq bildirilir ki, özünümüdafiə qüvvələri həmin regionda bir il qalacaqlar. Missiyanın uzadılmasına ehtiyac yaranarsa, hökumət bununla bağlı parlamentə müraciət edəcək.

Regionda gözlənilməz hadisə baş verəcəyi halda isə, hökumət özünümüdafiə qüvvələri ilə yanaşı, dəniz polisini də cəlb etməyi nəzərdə tutur.

Missiyada ümumilikdə 260 nəfər iştirak edəcək. Patrul təyyarəsinin Yaxın Şərqə yanvarda yollanacağı, esminesin isə Yaponiyanı fevralın əvvəllərində tərk edəcəyi və həmin ayın ortalarından öz missiyasını icra etməyə başlayacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır