Liman ərazisində istifadəyə veriləcək gömrük və müvəqqəti saxlanc anbarlarına baxış keçirilib (FOTO)

308

Dekabrın 28-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ərazisində istifadəyə verilməsi nəzərdə tutulan gömrük və müvəqqəti saxlanc anbarlarına baxış keçiriblər.

Trend-in məlumatına görə, öncə Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının Baş direktoru Taleh Ziyadov, limanın aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edib.

Tərəflər yaxın zamanlarda liman ərazisində istifadəyə veriləcək gömrük və müvəqqəti saxlanc anbarlarının fəaliyyət istiqamətləri, yüklərin qəbulu və buraxılışına dair məsələləri müzakirə ediblər.

Limanın Baş direktoru Taleh Ziyadov ölkəmizin tranzit potensialının artırılması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi layihələrdən bəhs edib və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının bu sahədəki fəaliyyətindən danışıb.

Bildirilib ki, bu liman ölkəmiz üzərindən daşınan yüklərin miqdarının sürətlə artmasına şərait yaradıb və bu il 32 min ədəd konteynerin daşınması təmin olunub ki, bu da indiyə qədər əldə olunan ən yüksək rəqəmdir.

Baş direktor liman ərazisində istifadəyə veriləcək gömrük və müvəqqəti saxlanc anbarlarını sahibkarlar üçün əlverişli və səmərəli layihə kimi qiymətləndirib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində ölkəmizin, ixrac, tranzit və logistika imkanlarının genişləndiyini, Azərbaycanın beynəlxaq yükdaşımalarda rolunun xeyli artdığını bildirib. Gömrük sistemində aparılan islahatlar çərçivəsində sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük infrastrukturunun yenilənməsi, gömrük prosedurlarının sadələşdirilməsinin də ölkəmiz üzərindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artmasına şərait yaratdığını vurğulayan Komitə sədri, bu istiqamətdə Beynəlxalq Dəniz Ticarəti Limanının da xüsusi rola malik olduğunu diqqətə çatdırıb.

Səfər Mehdiyev liman ərazisində fəaliyyət göstərəcək gömrük və müvəqqəti saxlanc anbarlarının yükdaşımaların həcminin artmasına, bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin imkanlarının genişlənməsinə də şərait yaradacağını bildirib.

Görüşdə liman ərazisində yaradılacaq gömrük və müvəqqəti saxlanc anbarları ilə bağlı təqdimat nümayiş olunub və anbarın gələcək fəaliyyəti ilə bağlı texniki məsələlər müzakirə edilib.

Sonda liman ərazisindəki gömrük və müvəqqəti saxlanc anbarlarına baxış keçirilib.