Türkiyə gələn ilin ikinci yarısından TANAP-la qazı tam həcmdə almağa başlayacaq –Murat LeKompte

304

Ticarət əməliyyatları çərçivəsində istifadəyə veriləndən indiyədək Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən 3,5 mlrd. kubmetrdən artıq qaz nəql edilib.

Bunu “SOCAR Turkey”in Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.

Onun sözlərinə görə, 2020-ci ilin iyunundan sonra Türkiyə tərəfi TANAP-la (Faza-0 çərçivəsində) tam həcmdə qazın alınmasına başlayacaq – ildə 6 mlrd. kubmetr.

Qeyd edək ki, bu ilin iyun ayından 2020-ci ilin iyun ayının sonuna qədər TANAP-la Türkiyəyə ümumilikdə 4 mlrd. kubmetr təbii qazın nəqli nəzərdə tutulur.

Neft yataqlarının işlənilməsi ilə yanaşı Azərbaycan qaz potensialının artırılmasına və “mavi yanacağın” yeni bazarlara çıxarılmasına böyük önəm verir. Bu baxımdan “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin (CQD) yaradılması məsələləri çox vacibdir.

“Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Əlamətdar haldır ki, bu ilin noyabrında TANAP ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan, hissəsinin (Faza-1) təntənəli sürətdə istismara verilməsi mərasimi keçirilib.