Diplomqabağı təcrübə başlayıb

397

Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbələri payız imtahan sessiyasını bitiriblər. ADDA məzunu adına namizəd olan tələbələrimiz yanvarın 19-dan mayın 24-dək diplomqabağı təcrübə keçəcəklər. Akademiyanın “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisaslarının son kursunda oxuyan tələbələr artıq gəmilər üzrə bölüşdürülüblər. Bu müddət ərzində 229 təcrübəçidən 196 nəfəri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO-nun) Xəzər Dəniz Neft Donanmasının və Dəniz Nəqliyyat Donanmasının müxtəlif təyinatlı gəmilərində, digərləri isə özəl gəmiçilik şirkətlərində olacaqlar.

Təcrübə rəhbərləri Akademiyanın ixtisas kafedralarının müəllimləri və gəmi kapitanının əmri ilə təyin olunmuş heyətinin üzvləridir.

Bundan əvvəlki tədris illərində tələbələr təcrübə zamanı öz ixtisaslarına uyğun ümumi məlumat xarakterli praktiki biliklər toplayırdılarsa, dilpomqabağı təcrübədə 4-cü kurslar Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri haqqında (DHSNÇ-78) Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq artıq tam sərbəst şəkildə növbəçəkməyə cəlb edilirlər.

Təcrübə bitdikdən sonra hər bir tələbə gəmidə olduğu müddətdə görülən işlər haqqında Beynəlxalq Konvensiyanın tələblərinə uyğun “Təcrübə jurnalında” apardıqları qeydlər əsasında hesabat hazırlayır. İxtisas kafedralarının müəllimlərindən ibarət komissiya tərəfindən hesabat dinlənilərək qiymətləndirilir və bu qiymət tələbənin Yekun Dövlət Attestasiya imtahanına buraxılmasında əsas rol oynayır.

ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının 50 nəfər 4-cü kurs tələbəsi isə bu ilin fevral ayının 17-dən etibarən 10 həftə müddətində Baki Gəmiqayırma Zavodunda diplomqabağı istehsalat təcrübəsində olacaqlar. Burada tələbələr zavodun müxtəlif sexlərində (qaynaq, elektrik, mexanik, gövdə, boru v.s.) istehsalat proseslərini müşahidə etməklə yanaşı, təcrübə rəhbərlərinin nəzarəti altında onlara verilən tapşırıqları müstəqil şəkildə yerinə yetirəcəklər.

Mənbə: http://adda.edu.az/az/news/1440