ASCO-da Gənclər Günü münasibətilə tədbir keçirilib

534

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) şirkətin müxtəlif strukturlarında çalışan gənclərin, Azərbaycan Dövlət Dəniz Akademiyasının və Dənizçilik Kollecinin fəal tələbələrinin iştirakı ilə 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra çıxış edən ASCO sədrinin birinci müavini Mübariz Cabbarov bildirib ki, Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral – Gənclər Gününün təsis olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətini ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan təbəqəyə çevrilib.

ASCO sədrinin birinci müavini Heydər Əliyev Fondunun gənclərin hərtərəfli inkişafı üçün reallaşdırdığı layihələrdən də söz açıb. Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin dünyadakı maraqlarını layiqincə təmsil edir.

Mübariz Cabbarov ölkədə aparılan gənclər siyasətinə ASCO-nun da hər zaman töhfə verməyə çalışdığını bildirib: “Hazırda şirkətin əməkdaşlarının böyük hissəsi gənclərdən ibarətdir. Onların arasında rəhbər vəzifələrdə çalışanlar da az deyil. Yaxşı təhsil alan, yaxşı mütəxəssis olan gənclər bundan sonra da layiq olduqları vəzifələrdə çalışa biləcəklər” – deyə, o əlavə edib.

Tədbirdə ASCO-nun fəal gəncləri də çıxış ediblər. Onlar ASCO-da istedadlı və perspektivli gənclərin xarici ölkələrdə təhsil alması və dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində atılan addımları yüksək dəyərləndiriblər.

Tədbirin növbəti hissəsində “Qapalı mühitdə işə hazırlıq və qəza zamanı zərərçəkənlərin təxliyə edilməsi” mövzusunda müsabiqə keçirilib. Müsabiqədə ASCO-nun müxtəlif strukturlarında çalışan üzən heyət, texniki icraçılar və Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Dənizçilik Kollecini təmsil edən tələbələrdən ibarət 10 komanda mübarizə aparıb. Qaliblər münsiflər heyətinin rəyi əsasında müəyyənləşib və onlara xüsusi sertifikat verilib. İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəisi Sevda Məmmədova qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sevda Məmmədova ASCO-nun kadr ehtiyatlarının planlaşdırılması, əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların xidməti fəaliyyətin qiymətləndirilməsi, sosial təminatının yaxşılaşdırılması kimi vacib məsələlər haqqında da ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarına fikirlərini söyləmək üçün imkan yaradılıb.

Mənbə: https://asco.az/asco-da-gencler-gunu-munasibetile-tedbir-kecirilib-2/