“Dayazsulu Abşeron”da ilin sonunda ilk quyunun qazılmasına başlanılacaq

282

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2019-cu ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bildirilir ki, quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra 2020-ci ilin sonlarında başlanması nəzərdə tutulur.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir.