Antarktidada temperatur rekord həddə çatdı

261

Argentinalı meteoroloqlar Antarktidada tarix boyu qeydə alınan ən yüksək istilik dərəcəsini qeyd ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Argentina Milli Meteoroloji Xidmətinin “Twitter” səhifəsində yer alıb.

Söhbət Argentinanın 1961-ci ildən bəri meteomüşahidənin aparıldığı Esperansa elmi-tədqiqat stansiyasından gedir.

“Fevralın 6-da Esperansa stansiyasında (1961-ci ildən bəri) yeni tarixi rekord qeydə alınıb. 18 °C. Bu göstərici 2015-ci ilin martın 24-də qeydə alınan daha əvvəlki 17.5 °C rekordunu da geridə qoyub”, – məlumatda bildirilir.

Bundan başqa, meteoroloqlar Argentinanın digər stansiyası olan Marambioda da 1971-ci ildən bəri yeni rekordu müəyyənləşdiriblər: 14,1°C. 2013-cü ildə qeydə alınan daha əvvəlki rekord isə 13,8 °C idi.