Norveç Arktikanın dəniz yataqlarının neft şirkətləri tərəfindən işlənməsi imkanlarının məhdudlaşdırılmasını nəzərdən keçirir

315

Norveç “buzlağın kənarı” deyilən sərhədi dəyişdirməklə, Arktikanın dəniz yataqlarının neft şirkətləri tərəfindən işlənməsi imkanlarının məhdudlaşdırılmasını nəzərdən keçirir.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, “buzlağın kənarı” hüquq nöqteyi-nəzərindən çəkilmiş, buzlaq sahəsinin daim dəyişməkdə olan cənub sərhədinin approksimasiyası üçün nəzərdə tutulan sərhəddir. Həmin xətdən şimalda yerləşən bütün ərazidə neft quyularının qazılması qanunvericiliklə qadağan edilib.

Neft şirkətlərinin yeni yataqların axtarışlarına başlamaq üçün xətti dəyişdirərək uzaq şimala keçirmək arzusuna baxmayaraq, Norveçin hakim koalisiyası buzlağın kənarını cənuba doğru dəyişmək niyyətindədir. Bu addım Arktikanın ətraf mühitinin mühafizəsinə görə narahatlıq keçirən ekoloqların və adi insanların təzyiqinə hökumətin cavabı ola bilər.

Xətti dəyişdirmə haqqında məsələ hökumətin sağ mərkəzçi azlığı səviyyəsində artıq qaldırılıb. Buzlağın kənarının sərhədini yenidən nəzərdən keçirən sağ mərkəzçilər yeni xətt barədə fikirlərini parlamentə apreldə təqdim edəcəklər. Norveç tədqiqat institutlarının və idarələrinin bu məsələ ilə bağlı tövsiyələri artıq iki variantda hökumətə təqdim edilib.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, iqlim dəyişmələri nəticəsində buzlaqların əriməsi ilə bağlı buzlağın kənarının dəyişdirilməsi məsələsi Norveçdə xüsusilə kəskin dayanır. Hökumətin niyyətinə baxmayaraq, Arktikada buzlaqların əriməsi yeni quyuların qazılmasına böyük imkanlar yaradır və bu imkanlar da öz növbəsində karbohidrogenlərdən imtina etmək üçün ən iddialı planı olan bir ölkədə narazılıq yaradır. Vəziyyəti çətinləşdirən məqamlardan biri də budur ki, buzlağın kənarının dəyişdirilməsi hazırda işlək vəziyyətdə olan quyulara təsir edə bilər. Amma Norveç hökuməti vəd edib ki, ssenarinin bu şəkildə inkişaf etməsinə yol verməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır