Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyası müzakirə edilib

350

Fevralın 12-də Dövlət Gömrük Komitəsində (DGK) Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun əməkdaşları ilə görüş keçirilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti strukturların rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun və “Garland International” məsləhətçi şirkətinin nümayəndələri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd Ələt Azad İqtisadi Zonasının yeniləşdirilmiş baş plan konsepsiyasının layihəsinin təqdimatı ilə tanışlıq olub.

C.Qasımov Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycan, eləcə də region üçün əhəmiyyətindən bəhs edib, ölkəmizin tranzit və logistika imkanlarının artırılmasında mühüm rol oynayacaq bu layihənin baş plan konsepsiyası ilə bağlı komitənin müvafiq rəyi olduğunu qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, sadələşdirilmiş qaydada gömrük nəzarətinin təşkili, yüklərin qısa müddət ərzində rəsmiləşdirilməsi və gömrüklə bağlı digər məsələlərə bugünkü görüşdə daha da aydınlıq gətiriləcək. Komitə sədrinin müavini gələcəkdə işlərin daha səmərəli təşkil olunması məqsədilə birgə işçi qrupunun yaradılmasını da təklif edib.

Daha sonra “Garland International” məsləhətçi şirkətinin eksperti Kevin Rudelen Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyasının layihəsinin təqdimatı ilə çıxış edib. Bildirilib ki, bundan əvvəl keçirilən görüşlər zamanı Dövlət Gömrük Komitəsinin səsləndirdiyi təkliflər hazırkı təqdimatda öz əksini tapıb və komitə rəsmilərinin rəyləri onlar üçün böyük əhəmiyyət kəsb edir.

Sonra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır