Çin 700 adda ABŞ məhsuluna əlavə idxal rüsumlarının tətbiqini dayandırır

312

Çin hökuməti təxminən 700 adda ABŞ məhsuluna tətbiq olunan əlavə idxal rüsumlarının dayandırılmasına qərar verib.

AZƏRTAC xəbər verir ki, Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Gömrük Tarifləri Komissiyasının yaydığı məlumatda kommersiya prinsiplərinə uyğun olaraq alınan ABŞ mallarına əlavə tariflər tətbiq olunmayacaq. Bu, Çin idxalçılarının ABŞ-dan kommersiya prinsipləri əsasında məhsul almalarını təşviq edəcək. Həmin şirkətlər martın 2-dən etibarən ABŞ-dan məhsul idxal etmək üçün Çinin bu tarif istisnalarından yararlana biləcəklər. Bunun üçün onlayn qaydada Çin Maliyyə Nazirliyinə müraciət etmək lazımdır.

Bildirilir ki, bir il müddətinə qüvvədə olacaq qərar dəniz məhsulları, tibbi ləvazimatlar, xam neft və mayeləşdirilmiş təbii qaz (LNG), kimyəvi məhsullar və s. mallara şamil olunacaq.

Xatırladaq ki, Çin hökuməti fevralın əvvəlində ABŞ-dan idxal olunan 75 milyard dollarlıq məhsula tətbiq olunan əlavə gömrük rüsumlarını yarıbayarı azaltmaq barədə qərar qəbul etmişdi. Pekin və Vaşinqton arasında iki ilə yaxın müddətdə davam etmiş ticarət mübahisələri yanvarın 15-də Vaşinqtonda ticarət sazişinin birinci mərhələsinə dair sənədin imzalanması ilə səngiyib. Tərəflər digərindən idxal etdiyi məhsullara tətbiq olunan əlavə tarifləri tədricən aradan qaldıracaqlarını bəyan ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır