Yaponiyada sərnişinlərin “Diamond Princess” kruiz laynerini tərk edəcəyi vaxt elan edilib

269

Yeni koronavirusa görə Yaponiyanın Yokohama limanında karantində saxlanılan “Diamond Princess” kruiz laynerini sərnişinlərin tərk edəcəyi vaxt məlum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat naziri Kato Katsunobu Tokioda keçirilən mətbuat konfransında bəyan edib. Nazir bildirib ki, fevralın 19-dan başlayaraq sərnişinlərin gəmini tərk etməsinə başlanılacaq. Prosesin fevralın 21-də yekunlaşması planlaşdırılır.

Yapon nazir, həmçinin qeyd edib ki, gəmini ilk növbədə COVID-19 virusuna mənfi reaksiya verən sərnişinlər tərk edəcəklər. Gəmidəki bütün sərnişinlərdən müvafiq analizlərin götürüldüyünü əlavə edən nazir, hazırda onların təhlil edildiyini bildirib. Xatırladaq ki, gəminin göyərtəsindən 3 mindən çox insan var.

Əlavə olaraq qeyd edək ki, hazırda yeni koronavirusa yoluxma ilə əlaqədar bütün Yaponiya üzrə 520 hal qeydə alınıb. Onların 454-ü kruiz gəmisinin sərnişinləri və heyət üzvləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır