Danimarkada külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinən 27 nəfər həbs edilib

261

Danimarka hüquq-mühafizə orqanları konteyner daşıyan gəmidə 100 kiloqram kokain aşkar etdikdən sonra narkotik qaçaqmalçılığında şübhəli bilinən 27 nəfəri həbs edib.

AZƏRTAC Danimarka KİV-lərinə istinadən xəbər verir ki, narkotiklərin müsadirə edilməsi ölkələrarası əməkdaşlıq çərçivəsində aparılan xüsusi əməliyyat nəticəsində həyata keçirilib. Həbs olunan gəmi “Duncan Island” adı ilə Baham adalarında qeydiyyatdan keçib. Konteyner daşıyan gəminin həbsi Danimarkanın Gedser şəhərinin cənubunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilib. Burada aparılan yoxlamalar nəticəsində gəmidə küllü miqdarda narkotik maddə aşkarlanıb.

Qaçaqmalçılıqda şübhəli bilinən şəxslərin hər biri 16 ilədək həbs cəzası ala bilər. Saxlanılanların hamısının xarici ölkə vətəndaşı olduğu qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır