Kiçikhəcmli gəmilərin istifadəçilərinin maarifləndirilməsi işi davam etdirilir

298

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nazirliyin Muğan Regional Mərkəzinin əməkdaşları ilə birgə fevralın 21-də maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Neftçala rayonunun Mirqurbanlı kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə istifadəçilərə bu tip gəmilərin təchizat avadanlığı və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmilərin sürücüləri naviqasiya cihazları, xilasedici vasitələr və onlardan istifadə qaydaları ilə bağlı da maarifləndiriliblər.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır