Qeyri-neft sektoru ixracından Azərbaycana gələn valyuta…

354

İqtisadi sferada hökumət qarşısında duran əsas məsələlərdən biri də idxal məhsullarını tədricən yerli istehsalla əvəzləməkdir. Eyni zamanda, buna paralel olaraq qeyri-neft sektoru üzrə ixrac həcminin genişləndirilməsi də xüsusi diqqət mərkəzində yer alır. Ötən dövr ərzində Azərbaycan bu istiqamətdə mühüm nailiyyətlərə imza atmağı bacarıb. Belə ki, 2019-cu ildə Azərbaycan qeyri-neft sektoru üzrə 1,954 milyard dollar dəyərində mal ixrac edib. Bu, 2018-ci illə müqayisədə 15,7 faiz çoxdur. 

Ümumiyyətlə, araşdırmalar göstərir ki, son 16 ildə xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. 2017-ci ildə qeyri-neft ixracı 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə isə 15,7 faiz artıb. Müxtəlif ölkələrdə yaradılan ticarət evləri, ticarət nümayəndələri, ixrac subsidiyaları, ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak və digər bu  kimi dəstəkləyici tədbirlər öz nəticəsini verir. Ölkədə qəbul edilən strateji yol xəritələrinə əsasən, qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına 200 dollardan 2025-ci ildə ən azı 450 dollara qaldırılması nəzərdə tutlur. Belə vəziyyət o deməkdir ki, bu il də daxil olmaqla, Azərbaycan qeyri-neft ixracını illik 15 faiz artırmalıdır ki, hədəfinə çatsın. Ekspertlər bildirir ki, qeyri-neft ixracının artımı iqtisadi təhlükəsizlik və makro sabitlik üçün strateji əhəmiyyət daşıyır. Bu həm də postneft dövrünün əsas tələbləri sırasında yer alır. Qeyd edilən fonda turizm, aqrobiznes, nəqliyyat-logistika, neft-qaz kimyası, informasiya texnologiyaları kimi sahələrin inkiaşfına artıq daha çox diqqət yetirilir.

Digər tərəfdən, müəyyən strateji məhsullar üzrə idxal asılılığının minimal həddə endirilməsi də əsas prioritetlərdən biri qismində müəyyən olunub. Məsələn, buğda idxalı sahəsində asılılığın aradan qaldırılması istiqamətində atılan addımlar buna sübutdur. Hesablamalar göstərir ki, cari  ilin yanvar ayında Azərbaycan 10,953 milyon dollar dəyərində 49 952 ton buğda idxal edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 12,738 milyon dollar  və 59 703 ton azdır. Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,5%-ni təşkil edib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirir ki, idxalın azalmasının əsas səbəbi 2019-cu ildə ölkədə taxıl ehtiyatlarının formalaşdırılmasıdır:”Belə ki, respublikamızda yerli taxıl istehsalı 6 faizdən çox artıb. Eyni zamanda, buğda idxalı da ötən il 1 milyon tondan 1,5 milyon tonadək artıb. Çünki 2018-ci ildə dünya bazarında taxılın qiyməti bir az baha idi, ona görə də sahibkarlar yerli ehtiyatlardan daha çox istifadə ediblər. 2019-cu il mövsümündə isə dünya bazarında qiymətlər əlverişli olub. Xüsusilə də Rusiyada məhsul yığımı dövründə qiymətlərin əlverişli olmasına görə sahibkarlar öz ehtiyatlarını yenidən idxal mənbələri hesabına, həmçinin yerli istehsal hesabına tam formalaşdırıblar. Ona görə də bu ilin yanvar ayında Azərbaycanın buğda idxalı azalıb. Nəzərə alaq ki, qlobal olaraq quraqlığa görə taxıl üzrə əsas ixracatçı ölkələrdə istehsalda problem var. Bizdə də quraqlığa görə məhsuldarlıqda qeyri-müəyyən gözləntilər var. Amma bunun müqabilində bizim taxıl ehtiyatlarının tam olaraq formalaşması müsbət bir məqamdır. Hazırda Azərbaycanın taxıl ehtiyatları kifayət qədərdir”.

Azərbaycanın növbəti illərdə buğda idxalını azaltması məsələsinə toxunan F.Fikrətzadə qeyd edib: “Region ölkələri arasında taxıl istehsalında bizim müqayisəli üstünlüklərimiz çox yüksək deyil və tələbatımıza uyğun torpaq resurslarımız da kifayət deyil. Yəqin ki, bizim buğda idxalının tam dayandırılmasından yox, minimallaşdırılmasından söhbət gedə bilər. Bizim hesablamalara görə, buğda idxalını illik təxminən 700-800 min tona qədər azaltmaq olar. Yerli istehsalın artan xətt üzrə davam etməsinə baxmayaraq, buğda istehsalını 2,1 milyon tondan hətta 3 milyon tonadək çatdırsaq da, yenə təxminən 700-800 min ton buğda idxalına ehtiyacımız olacaq. 2019-cu il mövsümündə 2018-ci ilə görə dünyada taxıl qiymətləri əlverişli olub. Amma yaz qabağı məhsul yığımında quraqlığa görə taxıl üzrə əsas ixracatçı ölkələrdə bir az azalmalar gözlənilir. Hazırda dünya bazarında buğdanın qiyməti əlverişlidir, ötən illə eyni səviyyədədir və ya ondan aşağıdır”. Yerli istehsal həcminin artması, ümumiyyətlə, qarşıdakı dövr ərzində buğda idxalının həcminin azalmağa doğru gedəcəyini göstərir. Əvəzində isə bir sıra strateji məhsullar üzrə ixrac artır. Məsələn, pambıq sahəsində Azərbaycan ixrac həcmini artırır və bundan daha çox valyuta əldə edir. Bir sıra kənd təsərrüfatı məhsulları, məsələn, pomidor, fındıq və digərləri üzrə də ixrac həcmi sürətlə ratır. Bunlar nəticə etibarıilə Azərbaycanın qeyri-neft sektorunun ixrac həcminin artımına da ciddi təkan verir. Ümumiyyətlə, cari il  ərzində qeyri-neft məhsullarının ixrac həcminin 2,5 milyard dolları keçməsi gözlənilir. Özü də Azərbaycanın ixrac etdiyi malların çeşidi də artır. Elə bu ilin yanvar ayında Azərbaycandan 1 073 adda mal ixrac olunub. Bu da illik müqayisədə 10,8%  mal çeşidinin çox olması deməkdir. .