SOCAR Belarusa ilk neft tankerini martın sonuna göndərməyi planlaşdırır

245

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 20-də Belarusun “Belneftexim” konserninə neft nəqlinə başlamağı planlaşdırır.

Bu barədə “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, “Belneftexim” konserni üçün nəzərdə tutulan ilk partiyanın həcmi  85 min tona yaxındır. O qeyd edib ki,  Azərbaycan neftinin olduğu ilk tanker Supsa limanından göndəriləcək.

İ.Əhmədov əlavə edib ki, Belarusa ikinci neft tankerinin satışı və çatdırılma müddəti ilə bağlı danışıqlar davam edir: “Razılıq əldə olunanda məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR Odessa limanına iki tanker neft nəql edəcək. Belarusa nəql ediləcək ümumi neft həcmi 160 min ton nəzərdə tutulub.

Azərbaycan nefti  Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Belarusun Mozır neft emalı zavoduna nəql olunacaq.