ABŞ rəsmisi: “Cənub Qaz Dəhlizi birgə işləyərək qazandığımız nailiyyətin təsdiqidir”

247

“Cənub Qaz Dəhlizi layihəsi məqsədlərimizin əldə olunması üçün birgə işləyərək qazandığımız nailiyyətin təsdiqidir”.

“Report”un məlumatına görə, bunu ABŞ-ın Enerji Diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyev və Energetika naziri Pərviz Şahbazovda daxil olmaqla digər Azərbaycan rəsmiləri ilə görüşmək və Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak etmək üçün Bakıya səfər edib.

K.Donili Birləşmiş Ştatların Cənub Qaz Dəhlizinə verdiyi dəstəyi yenidən vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsini “məqsədlərimizin əldə olunması üçün birgə işləyərək qazandığımız nailiyyətin təsdiqi” olaraq qiymətləndirib: “Bizim buraya toplaşmağımızın səbəbi sözügedən birgə məqsədə sadiq olmağımız, layihənin uğurla başa çatdırılmasına və birgə məqsədlərimizə dair olan öhdəliyin işarəsidir”.

Dövlət Katibinin köməkçisinin müavini həmçinin Birləşmiş Ştatların layihəyə qatılan bütün tərəfdaşlarla birgə işləyərək qaz dəhlizinin davamlı uğurunu təmin etmək istəyini bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi kəməri genişləndirilə bilən bir layihədir: “Biz ümid edirik ki, digər potensial enerji təzhizatçıları enerji təhlükəsizliyinə təkan verərək bu layihədən bəhrələnə biləcəklər”.