Bakı Limanı: Xarici sürücülər arasında koronavirusa yoluxanlar olub

280

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib.

“Report” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəhbəri Rüstəm Əzimov bildirib.

Onun sözlərinə görə, risklər qiymətləndirilərək müvafiq tədbirlər müəyyən edilib: 

“Mart ayının əvvəlləri və ortalarına yaxın bəzi dövlətlərin sərhədləri bağlandı. Bizim limanda 1 000-ə yaxın təkərli texnika, yəni yük maşınları yığışdı. Bu isə 1 000-ə yaxın sürücünün liman ərazisində bizimlə birgə qalması demək idi. Həmin sürücülərin hər biri müxtəlif ölkələrdən gəlmişdi. Koronavirus pandemiyasına tutulub-tutulmaması sual altında idi. 

Limanın ərazisini üç müxtəlif zonaya böldük və hərəkəti məhdudlaşdıraq. Sürücülərin bir neçə gün rahat zonalarda qalmaqları üçün rahat şərait yaradılmışdı. Məqsədimiz bütün zonalarda olan sürücülərdən analizləri götürmək və hər hansı sürücüdə analizlərin cavabı müsbət çıxarsa, həmin zonanı bağlamaq idi. Eyni zamanda, limanın girişində xüsusi karantin zonası yaratdıq ki, yeni gələn yük maşınları həmin zonada yoxlanılsınlar və sağlam olduqlarına əmin olduqdan sonra içəridə təmiz zonaya buraxaq.

Həmin sürücülər hər gün gəlməkdə idi. Hər gün analizlər davam edirdi. Həmin ərəfədə bir neçə sürücüdə analizlərin cavabları müsbət çıxdığına görə, öncədən planlaşdırılmış şəkildə TƏBİB-lə həmin sürücüləri xəstəxanaya yerləşdirdik.

Sürücüləri təmiz zonaya buraxdıqdan sonra biz əmin olmalı idik ki, testdən sonra sürücülər bir-biri ilə təmasda olmayıblar: “Bunu təmin etmək üçün biz zonaları nəzarətçilərlə təmin etdik”, – o deyib.