Büdcəsi 1 milyon avro olan Ələt limanına dəstək layihəsi yekunlaşdı

259

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihə öz işini başa vurub.

“Report” xəbər verir ki, layihənin məqsədi Avrasiyanın mərkəzində beynəlxalq səviyyəli limanın və logistika mərkəzinin yaradılması vasitəsilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına və diversifikasiyasına töhfə verməklə Bakı Limanina dəstəyin göstərilməsi olub.

Dəyəri mln avro olan layihə liman potensialının artırılmasına, Aİ-yə üzv ölkələrin limanları ilə əlaqələrin genişləndirilməsinə xidmət edib. Layihənin açılış mərasimi 2018-ci ildə olmuşdu. 

Xatırladaq ki, Bakı Limanının yerləşdiyi Ələt qəsəbəsi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmir yolları ilə kəsişir. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmir yolu xətti məhz Ələtdə kəsişir. Eyni zamanda Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2014-cü ilin 22 sentyabr tarixində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində bərə terminalının, 2018-ci ilin 9 yanvar tarixində isə RO-RO terminalının açılışı olub.

Yeni liman kompleksinin birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılıb. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.