Cənubi Koreyanın ixracı 24,3 faiz azalıb

278

Yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Cənubi Koreyanın ixracı apreldə ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz azalıb.

AZƏRTAC Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinə istinadla xəbər verir ki, ötən ay xaricə 36,9 milyard ABŞ dolları dəyərində məhsul göndərilib. Keçən ilin aprelində bu rəqəm 48,4 milyard dollar olub.

Apreldə ölkənin idxalı isə 15,9 faiz azalaraq 37,9 milyard dollara düşüb. Xarici ticarət mənfi saldo 950 milyon dollar olub.

Nazirliyin açıqlamasında deyilir ki, pandemiya dünya iqtisadiyyatında təchizat zəncirinin qırılması, bir çox şəhərlərdə tətbiq olunan giriş-çıxış qadağasına görə biznes fəaliyyətlərinin zəifləməsi ilə nəticələnib. Bundan başqa, neft qiymətləri bazarındakı böhran Cənubi Koreyanın neft-kimya məhsulları ixracına öz mənfi təsirini göstərib.

Bildirilir ki, ümumi ixracın azalmasına baxmayaraq, ölkənin tibbi ləvazimat ixracı 29 faiz çoxalıb. Buna səbəb COVID-19 pandemiyası ilə əlaqədar Cənubi Koreya istehsalı olan test dəstlərinə xaricdə tələbatın artmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır