“Baltic Pipe” qaz kəmərinin inşasına başlanılır

284

Norveç sahilləri yaxınlığındakı dəniz qaz yatağından Danimarkaya, oradan da Polşaya qaz kəməri tikintisini nəzərdə tutan “Baltic pipe” layihəsinin Polşa hissəsində tikinti işləri başlamaq üzrədir.

“Report” Polşa KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Anjey Duda mətbuat konfransında bildirib.

Dövlət başçısı yerli qaz kəməri şəbəkəsinin operatoru olan “Gaz System” şirkətinin aprel ayının 30-da həmin layihənin icrasına dair “Saipem Ltd” şirkətilə müqavilə imzaladığını diqqətə çatdırıb. Müvafiq icazələrin artıq verildiyi bu layihənin Avropa İttifaqı ölkələrinin Rusiya qazından asılılığına son qoymaq baxımdan mühüm əhəmiyyət daşıdığı vurğulandı.

“Gaz System” şirkətinin rəhbəri Tomas Stempen də “Baltic Pipe” layihəsinin bütövlükdə 1,5 milyard avrodan artıq dəyəri olduğunu bildirib.

Qeyd edək ki, “Baltic Pipe” layihəsi Norveç və Danimarka qaz nəqli şəbəkələrinin birləşdirilməsi, Danimarka şəbəkəsinin genişləndirilməsi, Danimarkadan Polşaya Baltik dənizinin dibindən qaz kəmərinin inşası kimi mərhələlərdən ibarətdir. Gələcək qaz kəmərinin illik ötürmə gücü 10 milyard kubmetrdir.