Qazaxıstan sərhədçilərinin öldürdüyü Azərbaycan vətəndaşının nəşi bu gün təhvil veriləcək

297

Aprelin 30-da Xəzər dənizində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşlarının saxlanılması zamanı silah tətbiq edilməsi nəticəsində həyatını itirmiş Qəhrəman İbrahimovun nəşi bu gün təhvil veriləcək.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Mərhumun nəşi ölkəmizin diplomatik nümayəndəliyinin iştirakı ilə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Manqistau əyaləti üzrə Sərhəd Xidmətinin hərbi gəmisi ilə Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə yola düşüb.

Bildirilib ki, vətəndaşımızın nəşi Xəzər dənizinin ümumi su məkanında bu gün Azərbaycanın Sərhəd Xidmətinin hərbi gəmisinə təhvil veriləcək.

“Azərbaycan ərazisinə gətirildikdən sonra vətəndaşın nəşi ailəsinə veriləcək. Qeyd etmək istərdik ki, Qazaxıstanın Xarici İşlər Nazirliyindən Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olmuş notada baş vermiş insident zamanı həyatını itirmiş Azərbaycan vətəndaşı Qəhrəman İbrahimovun ailəsinə başsağlığı bildirilir. Eləcə də, Qazaxıstan tərəfindən sözügedən insidentin hərtərəfli və obyektiv araşdırıldığı və nəticələr barədə Azərbaycan tərəfinin məlumatlandırılacağı qeyd olunur”, – deyə məlumatda qeyd olunub.