Çimərliklərlə bağlı xüsusi proqram hazırlanır

269

“Çimərliklərlə bağlı xüsusi proqram hazırlanır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.

E. Həbibullayev deyib ki, isti günlərdə tutumu 400 nəfər olan çimərliyə 800 nəfər gedə bilər: “Belə halların yaşanmaması üçün xidmət yaradılacaq, insanlar fin nömrəsini daxil edərək, çimərliyə gedə biləcəklər. Bu proqram üzərində iş yekunlaşır. Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək ”.

Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri qeyd edib ki, insanlar bəzən bloka düşüb 5-100 metr gedir ki, zibili atsın: “Bu, sui-istifadəyə şərait yarada bilər. Blokların yaxınlığına zibil qabı yerləşdirilsə, insanlar rahat zibili ata biləcək. Bu halda məişət tullantısını atan şəxs cərimələnməyəcək”.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, şəxs 1-2 metr məsafə gedib, binanın qarşındakı konteynerə zibili ata bilərlər: “Ancaq zibil konteynerləri uzaqda yerləşən şəxslər mənzili tərk edə bilməz. 2 gün elə də çox deyil, zibil evdə sellofan torbalarda saxlana bilər”.