Dünyada qaçqın və məcburi köçkünlərin sayı yenidən rekord həddə çatıb

253

Hazırda dünyada öz yaşayış yerindən didərgin düşən insanların sayı rekord həddə çatıb. Silahlı münaqişələr, müharibə, zorakılıq və təqib qorxusu ilə əlaqədar dünya əhalisinin təxminən bir faizi öz yaşayış yerini tərk etməyə məcbur olub və beləliklə, qaçqınların sayı 79,5 milyon nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) 20 İyun – Dünya Qaçqınlar Günü münasibətilə yaydığı hesabatda yer alıb. Hesabatda qeyd edilir ki, son on ildə dünyadakı qaçqınların sayı 40 milyon nəfərdən 79,5 milyon nəfərədək, yəni, təqribən iki dəfə artıb. Bu, təşkilatın yetmiş illik tarixində ən yüksək göstəricidir.

Hesabatda qeyd edilib ki, son bir ildə dünyadakı qaçqınların sayı 9 milyon nəfər və ya 12 faiz artıb. Belə yüksək artım, eyni zamanda, beynəlxalq qurumun Venesueladakı vəziyyətlə əlaqədar vətənini tərk edən insanları yeni kateqoriya üzrə siyahıya alması ilə əlaqədardır. Öz ölkəsini tərk edərək başqa ölkəyə pənah aparanların sayı son bir ildə dəyişməz qalaraq 26 milyon nəfər olub. Ölkədaxili məcburi köçkünlərin sayı isə 41,3 milyon nəfərdən (2018-ci ilin sonu) 45,7 milyon nəfərə (2019-cu ilin sonu) yüksəlib. Eyni zamanda, başqa ölkədən sığınacaq istəyənlərin sayı da 3,5 milyon nəfərdən 4,2 milyon nəfərədək artıb. Qaçqın statusuna aid olmadıqlarına görə, BMT QAK bu kateqoriyadan olan insanları ayrıca qruplaşdırıb.

Hesabatı təqdim edən BMT QAK-ın rəhbəri Filippo Qrandi bildirib ki, koronavirus pandemiyası və onun nəticəsində yoxsulluq səviyyəsinin artması Avropaya qaçqın axınını gücləndirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır