“Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi” layihəsinin onlayn təqdimatı keçirilib

214

ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi” layihəsinin ikinci fazasının onlayn təqdimatı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin baş idarə rəisləri, ATƏT-in nümayəndələri, Trans-Xəzər nəqliyyat marşrutu üzrə əsas nəqliyyat və ticarət iştirakçıları, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyənin müvafiq qurumları və limanlarının təmsilçilərinin iştirakı ilə keçirilən onlayn müzakirələrdə ticarət məsələlərinin daha da asanlaşdırılması, mövcud maneələrin aradan qaldırılması, sözügedən layihəyə struktur yanaşma və digər mövzularda fikir mübadiləsi aparılıb.

ATƏT-in nümayəndələri bildiriblər ki, ticarətin və tranzitin inkişafına ciddi təkan verəcək layihənin birinci mərhələsi ilə bağlı texniki iqtisadi əsaslandırma aparılıb, həmçinin kommersiya müstəvisində rəqəmsal ticarət platformasının qurulmasına dair ümumi baxış formalaşdırılıb. Bütün sadalananların reallaşması üçün işçi qrupunun yaradıldığını deyən ATƏT-in nümayəndəsi Tomas Palecek vurğulayıb ki, sözügedən layihə ticarətin rəqəmsallaşdırılması ilə yanaşı, digər sahələrin inkişafına da öz töhfəsini verəcək.

Bildirilib ki, layihənin ikinci fazasının icrası çərçivəsində Bakı, Aktau, Kurık, Türkmənbaşı limanlarını və Xəzər üzərindən keçən nəqliyyat dəhlizlərini birləşdirəcək vahid rəqəmsal platformanın təsis edilməsi üçün yol xəritəsinin hazırlanması məqsədilə müvafiq konsaltinq şirkətləri ilə hazırda fikir mübadiləsi aparılır.

Layihənin icrası sözügedən limanların tranzit və ticarət əməliyyatlarının rəqəmsallaşdırılması ilə yanaşı, onların səmərəliliyini və rəqabətə dözümlülüyünü, həmçinin Transxəzər nəqliyyat dəhlizinin cəlbediciliyini artıracaq. Qeyd olunub ki, layihənin ikinci mərhələsi çərçivəsində logistik əməliyyatların sürətləndirilməsi, o cümlədən gömrük-sərhəd keçid məntəqələrində birgə gömrük nəzarətinin tətbiqi və bu sahədə müsbət beynəlxalq təcrübənin araşdırılması da nəzərdə tutulur.

Tədbirin sonunda layihənin hazırkı vəziyyətini müzakirə etdikdən sonra hansı addımların atıla biləcəyi ilə bağlı məqamlar və iştirakçıları maraqlandıran suallar ATƏT-in nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

“Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi” layihəsinin əsas məqsədi Xəzər dənizi hövzəsində enerji təhlükəsizliyinin və tranzit nəqliyyat bağlantılarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Türkmənistana dəstək verməklə Orta Asiya və qonşu ölkələrin, o cümlədən, Çin və Əfqanıstanın Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışının təşviqidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır