İlin ikinci rübündə dünya ticarətinin həcmi 18,5 faiz azala bilər

247

Koronavirus pandemiyası nəticəsində 2020-ci ilin ikinci rübündə dünyada əmtəə ticarətinin həcmi 18,5 faiz azala bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ümumdünya Ticarət Təşkilatının Cenevrə şəhərində dərc olunan məruzəsində yer alıb.

“Ümumdünya Ticarət Təşkilatının statistikasına görə, ilin birinci rübündə əmtəə ticarətinin həcmi 3 faiz azalıb. Virus və ona qarşı görülən izolyasiya tədbirlərinin əhalinin xeyli hissəsinə təsir etdiyi ikinci rüb üçün ilkin proqnozlar bu göstəricinin 18,5 faiz aşağı düşə biləcəyini göstərir”, – deyə məruzədə bildirilir.

Ekspertlərin sözlərinə görə, vəziyyət daha pis ola bilərdi. Ümumdünya Ticarət Təşkilatı aprel ayında 2020-ci il üçün proqnozunda pandemiya ilə bağlı vəziyyətin iki inkişaf ssenarisinin nəzərdən keçirildiyini xatırladıb. Optimist ssenariyə görə cari ildə əmtəə ticarətinin həcminin 13 faiz, pessimist ssenariyə görə isə 32 faiz azalması nəzərdə tutulurdu. İlk variantın reallaşması üçün bundan sonra ticarət həcmi hər rübdə 2,5 faiz artmalıdır.

Mütəxəssislər ikinci mümkün koronavirus dalğasının ticarətin azalmasına, daha zəif iqtisadi artıma və dövlətlər tərəfindən ticarət məhdudiyyətlərinə səbəb olacağı halda 2021-ci ilin perspektivlərini də qeyri-müəyyən hesab edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır