“Türk axını” istismara veriləndən ilk dəfə texniki xidmətə dayandı

287

Rusiyadan Türkiyənin qərb hissəsinə Qara dənizin dibi ilə çəkilən Türk Axını qaz kəməri istismara veriləndən andan ilk dəfə texniki xidmət məqsədi ilə dayandırılıb.

“Türk Axını” layihəsinin operatoru “Gazprom” şirkəti bildirib ki, plana uyğun olaraq cari təmir işləri iyunun 23-dən 28-dək davam edəcəkdir.

Xatırladaq ki, layihə gücü 31,5 milyard kubmetr olan “Türk axını” qaz kəmərinin istismara verilməsi mərasimi 2020-ci il yanvarın 8-də İstanbulkda Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə həyata keçirilmişdi . Bu infrastrukturla hazırda qaz Türkiyənin qərb hissəsinə,
həmçinin Bolqarıstan, Yunanıstan və Makedoniyaya verilir. Perspektivdə Rusiya qazının bu infrastukturla Serbiya və Macarıstana da nəql edilməsi nəzərdə tutulub.

“Türk axını” qaz kəməri hər birinin buraxıcılıq gücü 15,75 milyard kub metr olan iki boru kəmərindən ibarətdir. Onlardan biri Türkiyə bazarı üçün, digəri Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulmuşdur. İlin əvvəlindən “Türk axını” kəməri ilə Avropaya təxminən 2,5 milyard kubmetr qaz tədarük edilmişdir.

Fevral ayında “Türk Axını” ilə Türkiyə bazarına gündəlik qaz tədarükü təqribən 17 milyon kubmetr təşkil etdi, martda isə bu həcmlər 6 milyon kubmetrə qədər azaldı. “Türk axınının” Türkiyə bazarı üçün nəzərdə tutulmuş kəmərinin gündəlik buraxıcılıq qabiliyyəti isə 43 milyon
kubmetrdir. Bu baxımdan onun imkanlarının böyük bir hissəsi hələ ki, istifadəsiz qalır.

Rusiyanın isə Türkiyəyə birbaşa daha bir qaz infrastrukturu mövcuddur – “Mavi axın”. Onun illik qaz ötürmə gücü 16 milyard kub metrdir. Yəni Rusiya Türkiyə bazarına mövcud kəmərlərlə
ildə 31,75 milyard kub metr qaz ixrac etmək imkanına malikdir. 2019-cu ilin yekunlarına görə isə Türkiyə Rusiyadan cəmi 15,51 milyard kub metr qaz udxal edib. 2017-ci ilin göstəriciləri ilə müqayisədə ötən il Rusiyanın Türkiyə bazarına qaz ixracı 13,5 milyard kub metr azalıb.