Əlcəzairdə yerləşən bu göldə su yerinə əsl mürəkkəb var

367

Əlcəzairin Sidi Bel Abbes şəhərinin yaxınlığında “Mürəkkəb Gölü”, “Qara göl” və hətta “Şeytanın Gözü” kimi bir çox adları olan qeyri-adi göl yerləşir. Göldə su yerinə əsl mürəkkəb var.

Maye o qədər toksikdir ki, göldə heç bir bitki və balığa rast gəlinmir.

Uzun müddət alimlər gölün təbiətini araşdırırdılar, lakin əsl səbəbini müəyyən edə bilmirdilər. Lakin müasir texnologiyanın inkişafı sayəsində bu açıqlanmayan təbiət sirrinin səbəbi ortaya çıxdı. Belə ki, unikal təbiət hadisəsinin səbəbi olduqca sadədir.Bu su anbarına iki çay axır, onlardan birinin suyu yüksək səviyyədə dəmir duzlarından ibarətdir, digər çayın suları isə ətrafdakı torf torpaqlarından yığılan müxtəlif üzvi birləşmələrin böyük konsentrasiyasına malikdir. Gölə axan sular bir-biri ilə kimyəvi reaksiyaya girir və bu səbəbdən də mürəkkəb mayesi əmələ gəlir. Bu proses davamlı olaraq meydana gəldiyindən, mürəkkəbin həcmi heç vaxt azalmır, əksinə, daha da artır.

Yerlilər arasında qeyri-adi mürəkkəb göl haqqında əfsanələr yayılmışdır. Bəziləri gölün Şeytan tərəfindən yaradılmasına inanır, başqaları isə gölü “gəlir” mənbəyi kimi görür və onu fəal şəkildə istifadə edir. Qeyd etmək lazımdır ki, Şeytanın Gözü gölünün mürəkkəbi nəinki Əlcəzairdə, hətta digər ölkələrdə də satılan qələmlərə doldurulur.