SOCAR: Cənub Qaz Dəhlizi payızda tam hazır olacaq

301

Bəzilərinin İtalyanın cənubunda Cənub Qaz Dəhlizinin (CQD) Albaniyaya birləşdiyi seqmentinin vaxtında inşa olunacağına şübhə ilə yanaşmasına baxmayaraq, CQD bu ilin oktyabr-noyabr aylarında tam hazır olacaq.

“APA-Economics”in məlumatına görə, bunu Xəzər Siyasi Mərkəzinin (CPC) koronavirusun enerji sektoruna təsiri ilə bağlı keçirdiyi onlayn müzakirələrdə çıxış edən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Transxəzər əməkdaşlığına toxunan E. Nəsirov bildirib ki, Azərbaycanın Xəzərin şərqində yerləşən ölkələrlə sıx əməkdaşlıq edir.

“SOCAR Türkmənistandan neft məhsulları idxal edərək emal edir və daha sonra alınan aviasiya yanacağını, qazolini Avropa və Əfqanıstana tədarük edir. Qeyd edək ki, Transxəzər əməkdaşlığında Türkmənistan ən maraqlı tərəfdir. Biz Türkmənistana Cenevrə-Bakı-Aşqabad yük aviareysinin maliyyələşdirməsi üçün xüsusi təklif məktubu göndərdik, lakin COVID-19 pandemiyası bu planlarımıza maneə oldu. Eyni vaxtda biz Türkmənistanla daha sıx əməkdaşlıq yaratmaq üçün Aşqabadda SOCAR-ın ofisini açmağa onlara təklif etmişik”, – deyə E. Nəsirov bildirib.

Xatırladaq ki, Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Prezidenti 29 oktyabr 2013-cü il tarixində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (SD2), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (SCPX), Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin (birlikdə “Layihələr”) səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. CQD Azərbaycan İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülmüşdür və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir (“Şahdəniz” və SCP layihələrində 10% iştirak paylarının ötürülməsi 2023-cü ildə qabaqcadan razılaşdırılmış müəyyən şərtlərin yerinə yetirilməsindən sonra nəzərdə tutulmuşdur).