Xəzər dənizində suyun səviyyəsinin enməsinin fəsadları

267

“Xəzərin səviyyəsinin son ildə bir metr yarımadək aşağı düşməsi nəticəsində sahilin “ləpədöyən” deyilən hissəsindən soyutma sistemi üçün dövrə nasoslarının suyu gətirdiyi, qəbul etdiyi bir ərazi seçilmişdi ki, bu, doğru deyildi. Ona görə biz vəziyyəti Sizə məruzə etdik. Sizin göstərişinizlə bütün tədbirlər planı həyata keçirildi və dənizə doğru 750 metr estakadanın tikintisi artıq başa çatıb”.

“Report” xəbər verir ki, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

“Bu ayın sonunda 6 ədəd çox güclü nasos artıq Bakıda olacaq. Sizə söz verdiyim kimi, biz oktyabrın axırı, noyabrın əvvəllərində Sumqayıtda yaranan su probleminin həllinə nail olacağıq. O ki qaldı, dənizin səviyyəsinin düşməsindən itirdiyimiz elektrik enerjisinə, son həftənin reallığı odur ki, bu gün əgər havaların isti keçməsinə görə texniki göstərici olaraq biz qoyulmuş gücdən 8 faiz itiririksə, 8 faiz də səviyyənin aşağı düşməsindən itiririk.

Hazırda Sumqayıt elektrik stansiyası 420-430 meqavat gücündə fəaliyyət göstərir. Yəni, bunun təsiri bu qədərdir. Bu, maya dəyərinə də çox ciddi təsir edir. Eyni problem, demək olar ki, “Şimal-1”, “Şimal-2”də də var. Biz ancaq dərinləşdirici lilsovuran qurğulardan istifadə edərik. Hələlik orada da 8-10 faiz itki var. Cəmi 800 meqavatlıq elektrik stansiyası – 400 “Şimal-1” və 400 “Şimal-2”. “Şimal-1”in rotorunun köhnə olması səbəbindən biz orada 30 meqavat itiririk, qalır 370. Amma havanın və dənizin təsirindən bu gün 320 meqavatla işləyir. Dənizin səviyyəsinin aşağı düşməsi nəticəsində biz “Şimal-2”də də təxminən 30 meqavat itiririk. Bu gün cəmi 670 meqavatla tam stabil gücdə çalışırıq”-deyə, o bildirib.