Azərbaycan və Türkiyə üçün birgə yeni iqtisadi layihələr perspektivi ortaya çıxıb

334

Qardaş Türkiyə yeni-yeni zirvələri fəth etdikcə qazanılan hər bir uğur bütün türkiyəlilər kimi azərbaycanlıları da sevindirir. Bəli tərəddüdsüz ifadə olunan bir fikir mövcuddur: Azərbaycan və Türkiyənin dinamik inkişafı qarşılıqlı olaraq hər iki ölkənin gücünə güc, qüvvəsinə qüvvə qatır.

Təkcə siyasi dairələrdə deyil, cəmiyyətlərimizin bütün təbəqələrində bu həyat gerçəkliyinin dərk edilməsi tarixi qardaşlıq bağlarımızı daha da sıx bərkidir. Bu doğma münasibət Qara dənizin Türkiyəyə aid milli sektorunda nəhəng təbii qaz yatağının aşkar edilməsi müjdəsi eşidiləndə bir daha təsdiqini tapdı. Mövzu ilə bağlı fikir və mülahizələrimizi bölüşməyə başlayarkən Azərbaycan Prezidenti İlham Əliyevin bu xəbərlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktubdan mühüm bir məqamı təqdim etmək yerinə düşər. Dövlətimizin başçısı yazır: “…Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir.

Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir. Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir”.

Yeni qaz yatağının Türkiyənin ilk kəşfiyyat-axtarış gəmisi olan “Fateh” tərəfindən tapılması və ona “Sakarya” adının verilməsi öz-özlüyündə tarixi və mənəvi məna əks etdirir. İndi bütün dünyanı maraqlandıran bir sual meydana çıxıb. Qara dənizdəki “Tuna” kəşfiyyat quyusunda aşkarlanan zəngin karbohidrogen ehtiyat Türkiyəyə nə vəd edir? Prezident İlham Əliyevin məktubunda adları sadalanan layihələr Azərbaycan və Türkiyənin birgə liderliyi ilə qazanılmış milli sərvətlərdir. Bu layihələrin hər birinin həyata vəsiqə qazanması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın uzaqgörən neft strategiyasından qidalanır. Bölgədə kəşf edilən bütün yeni karbohidrogen yataqlar Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin, eləcə də TANAP xəttinin uzunömürlülüyünü təmin edir.

İlkin hesablamalara görə, “Sakarya” adı verilən yataqdakı 320 milyard kubmetr qaz ehtiyatı orta hesabla 67 milyard ABŞ dolları dəyərindədir. Bu yatağın istismara hazır vəziyyətə gətirilməsi, dənizdən Anadolu sahilinə qədər çəkiləcək əsas boru xətti, dənizdə, sahildə və ana stansiyada qurulacaq ötürücü kompressorlar, təzyiq tənzimləyən avtomatik sistemlər, paylayıcı xətlər, qaz anbarları, qaztəmizləyici depolar və sair işlər ilkin etapda “Sakarya” yatağından məhsul əldə etmək üçün həyata keçiriləcək kompleks layihənin birinci mərhələsinə aid olan işlərdir. Bütün bunlar böyük məbləğdə sərmayə tələb etməklə bərabər, yeni-yeni iş yerləri, o cümlədən sadaladığımız işlər üçün zəruri olan malların istehsal müəssisələrinin qurulması deməkdir. O, cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu “Sakarya” yatağının işlənilməsi üçün Türkiyəyə gətiriləcək məhsul və avadanlıqların daşınmasında bir daha öz strateji gücünü ortaya qoyacaq.

Türkiyə enerji istehsalında çoxşaxəliliyi təmin etmək üçün mühüm strategiya həyata keçirir. Tikintisi uğurla davam edən “Akkuyu” atom elektrik stansiyası, Ankara şəhərinin Sincan rayonunda yerləşən sənaye parkında istifadəyə verilən “Kaylon” şirkəti tərəfindən qurulan “Kaylon” günəş texnologiyaları” fabriki, bir-birinin ardınca istifadəyə verilən külək enerjisi məntəqələri və su elektrik stansiyaları Türkiyənin Respublika tarixində enerji istehsalında sıçrayışlı dinamikanın göstəriciləridir. Qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda da enerji istehsalı sahəsində inqilabi inkişaf baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən çıxışındakı mühüm bir məqama diqqət edək: “Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Biz artıq yaradılmış enerji dəhlizləri ilə öz elektrik enerjimizi ixrac edə bilirik”.

Şərqdən Azərbaycanın, cənub və cənub-şərq qonşularının, o cümlədən Ərəbistan yarımadası ölkələrinin zəngin karbohidrogen ehtiyatlarını idxal edən və tranzit ötürmə ilə Avropaya nəql etmək imkanı qazanan Türkiyə Qara dənizdən öz təbii yanacaq ehtiyatlarını aşkarlamaqla birmənalı şəkildə bölgənin enerji daşıyıcısı qovşağına çevrilir. Xəzər dənizinin sahil ölkələrinin tükənməz ehtiyatlarını nəzərə alaraq mühakimə yürüdə bilirik ki, Azərbaycan və Türkiyə onilliklər boyu karbohidrogen ehtiyatların tranzit nəqliyyat açarını özündə saxlayacaq. Bu amil hər iki ölkənin birlikdə elektrik enerjisi ixracatçısına çevrilməsi üçün böyük perspektivlər yaradır.

İndi Türkiyənin şimal sərhədi sayılan Qara dənizdə qaz yatağının tapılması və eləcə də yeni yataqların aşkarlanacağı ehtimalı deməyə əsas verir ki, qardaş ölkə karbohidrogen məhsullarla qidalanan yeni-yeni sənaye müəssisələri, eləcə də istilik elektrik stansiyaları yaratmaq mərhələsinə qədəm qoyur. Bu istiqamətdə iki qardaş ölkənin yeni layihələr həyata keçirmək, dünya elektrik enerjisi bazarında güclü yer tutmaq və eyni zamanda enerji mübadiləsi ilə bu sahəyə aid məhsullardan daha səmərəli istifadə etmək şansı yaranır.