Rusiyanın Şimal Donanmasının ekspedisiyası Arktikada yeni boğaz aşkar edib

328

Yeni Torpaq arxipelaqında Rusiyanın Şimal donanmasının, Rusiya Coğrafiya Cəmiyyətinin və “Rus Arktikası” Milli Parkının birgə həyata keçirdiyi ekspedisiyanın iştirakçıları yeni boğaz aşkar ediblər. Tədqiqatçıların sahilə çıxmasına isə ağ ayılar mane olub. Bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, məlumatda ekspedisiya çərçivəsində coğrafi kəşfin edildiyi bildirilir. Qeyd olunur ki, şimal dənizçiləri adanın Jerdi yarımadasından ayrıldığını müəyyənləşdiriblər. Bu isə yeni boğazın olduğu ərazidir. Yeni coğrafi obyektlər xəritəyə daxil edilib, ölçülüb və fotoları çəkilib. Eyni zamanda, tədqiqatçıların işinə hava və təbii şərait mane olub. “Son günlər ekspedisiyanın aparıldığı yerlərdə sıx duman olub ki, bu da görünmə dərəcəsini azaldıb. Sahilə çıxma cəhdi çoxlu sayda ağ ayılar səbəbindən baş tutmayıb”, – deyə donanmanın məlumatında qeyd olunur.

Lakin ekspedisiya iştirakçıları Lomonosov burnunda sovet dövrünə aid balıqçı daxması tapıblar. Daxmanın ətrafında məişət əşyaları, giliz və heyvan sümükləri olub. Paxtusov adasındakı düşərgədə də yeni tapıntılar əldə edilib. Orada iki daxma, anbar, hamam və dörd qəbir aşkarlanıb. Sahildə, həmçinin iki lövbər, məişət və balıq tutmaq üçün əşyalar tapılıb.

Arktika arxipelaqlarına avqustun 5-dən başlanmış birgə ekspedisiya oktyabr ayınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır