Uzun illər CMS-də çalışmış təcrübəli gəmi kapitanı Şövqi Seyidov vəfat edib

595

Uzun illər “Caspian Marine Services” şirkətində çalışmış peşəkar dənizçi, təcrübəli gəmi kapitanı Şövqi Seyidov vəfat edib.

Şövqi Seyidov 29 yanvar 1965-ci ildə İsmayıllı rayonunda anadan olub. 1982-1985-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində gəmi sürücülüyü ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1986-cı ildə Xəzər Dəniz Neft Donanmasında kapitan köməkçisi vəzifəsində başlayıb. Dənizçilik peşəsinin sirlərini öyrənərək pillə-pillə irəliləyib və 1993-cü ildən gəmi kapitanı olaraq çalışmağa başlayıb.

Şövqi kapitan xüsusi təyinatlı və yüksək peşəkarlıq tələb edən gəmilərdə öz vəzifəsinin öhdəsindən məharətlə gəlib. “Nerça”, “İrgiz”, “Lutoqa”, “Neftqaz”, “Gültəkin Əsgərova”, “CMS İgid” gəmilərində xidmət edərkən həm əməkdaşı olduğu müəssisənin, həm də bütün gəmi heyətinin hörmət və ehtiramını qazanıb.

2013-cü ildən etibarən Şövqi kapitan “İslay” yedək-təchizat gəmisində kapitan kimi fəaliyyətə başlayıb və gəmi heyəti ilə birgə ölkə əhəmiyyətli neft-qaz layihələri çərçivəsində üzərinə düşən vəzifələri böyük səylə və diqqətlə həyata keçirib, onun fəaliyyəti yerli və beynəlxalq mütəxəssislər tərəfindən dəfələrlə vurğulanıb və təqdir edilib.

Şövqi kapitan səmimiliyi və mehribanlığı ilə hamının hörmətini qazanıb. Onun əziz xatirəsi daim bizlərin qəlbində yaşayacaq, gənc dənizçilərə belə kapitanların həyat və fəaliyyəti həmişə nümunə göstəriləcək.

Allah rəhmət eləsin!

Mənbə: seanews.az