Azərbaycan “Lapis Lazuli” dəhlizi üçün nəqliyyat operatoru təyin etdi

315

Azərbaycan, Türkmənistan, Əfqanıstan arasında keçirilən danışıqlar zamanı “Lapis Lazuli” (lazurit dəhlizi) dəhlizi üçün nəqliyyat operatorları təyin edilib.

“Report” xəbər verir ki, videokonfrans formatında keçirilən danışıqların məqsədi Əfqanıstanın Herat əyalətindən başlayıb Türkmənistan, Azərbaycan, Gürcüstan üzərindən Türkiyəyədək davam edən “Lapis Lazuli” tranzit nəqliyyat dəhlizinin buraxılış gücünü artırmaq olub.

Dəhliz üçün nəqliyyat operatorunu təyin etməklə yanaşı iştirakçılar nəqliyyat daşımalarının təkmilləşdirilməsi, yük daşımalarında bərabər şərtlərin, vahid tarif dərəcəsinin təyin olunması ilə bağlı məsələləri razılaşdırıblar.

Xatırladaq ki, 2017-ci ilin noyabr ayında Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə arasında daha sərfəli tranzit və gömrük şərtlərinin bərqərar olunacağı “Lapis Lazuli” nəqliyyat dəhlizini yaratmaqla bağlı saziş imzalanıb. 2018-ci ilin 13 dekabr tarixində isə Əfqanıstanın qərbindəki Herat əyalətinin dəmir yolu stansiyası yerləşdiyi Torqundi şəhərində yeni dəhlizin açılışı, eyni zamanda quru meyvə və ədviyyat yüklü 9 tırın Avropaya yola salma mərasimi keçirilib.