“Caspian Energy Club” Azərbaycan Ordusuna dəstək vermək üçün sahibkarlara müraciət edib

256

“Caspian Energy Club” sahibkarları tarixi missiyanı yerinə yetirərək işğal olunmuş ərazilərimizi düşməndən azad edən Azərbaycan Ordusuna yardımda fəal iştirak etməyə səsləyib.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Sıralarında Xəzər-Qara dəniz və Baltik regionu sahibkarlarını birləşdirən ən nəhəng və dinamik təşkilat olan “Caspian Energy Club” Azərbaycanın bütün şirkətlərinin top-menecerlərindən Azərbaycan Ordusuna dəstək kampaniyasında fəal iştirak etməyi xahiş edib. Azərbaycan Ordusuna və cəbhəyanı bölgələrdə yaşayan dinc əhaliyə təşkilati, maliyyə və informasiya yardımı göstərmək bizim hər birimizin borcudur. Bu gün ən mühüm məqsədlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə doğru-düzgün məlumatları çatdırmaqdır. Bununla əlaqədar olaraq, “Caspian Energy Club”un dünyanın 50 ölkəsindəki hər bir şirkət əməkdaşı baş verənlərdən xəbərdar olmalı və yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunan məlumatlara istinad etməlidir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhid ailələrinə maliyyə yardımı davam etdirilməlidir. Biz birlikdə güclüyük! Qələbə bizim olacaq! Qarabağ – Azərbaycandır!”, – deyə Telman Əliyev qeyd edib.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və şirkətin fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır